09.12.2021 17:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı Naxçıvanla əlaqəni istənilən yolla bərpa etmək əzmindədir
 
09.12.2021
Nezavisimaya qazeta, Rusiya
 

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

 
 
Cənubi Qafqaz: ABŞ regiona qayıtdığını sübut edə bilər

 
 



STARS AND STRIPES, ABŞ
25.11.2021


Müəllif: Robert Sekuta

Ermənistanla Azərbaycan arasında müharibə ötən il atəşkəs müqaviləsinin imzalanması ilə başa çatıb. Tərəflər arasında atəşkəs bəyanatının imzalanmasına Rusiya prezidenti Vladimir Putin vasitəçilik edib. Müharibənin başa çatmasının birinci ildönümündə Azərbaycanın paytaxtı Bakıda azərbaycanlıların bayram etdiyinin şahidi oldum. Onlar bayraqlar yelləyir, Xəzər dənizinin sahilində yerləşən bulvar boyu bayram edirdilər.

Lakin bu, sülh deyil. Üçtərəfli bəyanatın imzalanmasının birinci ildönümündən bir neçə gün sonra iki ölkə sərhədində yavaş-yavaş “közərən” közərən vəziyyət yenidən alovlanıb. Atəşkəsin bərqərar olmasına yenə də Moskva vasitəçilik edib. Beləliklə, Putin administrasiyası regiona təsir rıçaqları sayəsində buraya təsir imkanlarını getdikcə artırır. Amma bu, bölgədə qeyri-sabitliklə müşayiət olunur. Rusiya məhz bu vəziyyətdən istifadə edir, guya regionda uğur qazandığını göstərir. Bu gün Rusiya qüvvələri bu bölgənin müxtəlif hissələrində “sülhməramlı” kimi fəaliyyətdədir. Amma onlar münaqişələrin uzanmasına, alovlanmasına imkan verməklə, əslində əsl niyyətlərini ortaya qoyurlar. Odur ki, region Moskvanın nəzarətində qalarsa, burada yeni münaqişələrin şahidi ola bilərik.

Bütün bunların fonunda son həftələrdə Cənubi Qafqazda ABŞ-ın bir az fəallaşdığını görürük. Vaşinqton yüksək rütbəli rəsmilərini bölgəyə göndərib, onlar Ermənistan və Azərbaycan liderləri ilə istər ikitərəfli, istərsə də ATƏT-in Minsk qrupu çərçivəsində görüşlər keçiriblər. Amma ümumi fikir belədir ki, ABŞ regionda cərəyan edən proseslərdə iştirak etmir.

Reallıq ondan ibarətdir ki, bu gün tərəflərin bir araya gəlməsi, dayanıqlı sülh uğrunda mübarizə üçün diplomatik vasitələrə, eyni zamanda diplomatik çəkiyə ehtiyac var. Bu xüsusiyyətlərə malik olan yeganə beynəlxalq oyunçu isə məhz ABŞ-dır. Bu gün onun qarşısında bu kontekstdə yeni imkanlar pəncərəsi açılıb. Nəzərə alsaq ki, Birləşmiş Ştatlarda yaxın vaxtlarda seçki də gözlənilmir, Vaşinqton Cənubi Qafqaz regionuna daha ciddi diqqət ayıra bilər. Bəli, o, hərəkət keçə bilər və keçməlidir.

Lakin ABŞ-ın müdaxilə imkanlarının olması və buna ehtiyacın duyulması hələ bu işin asan olduğu anlamına gəlmir. Hazırda ermənilər hirslidirlər. Son müharibədən sonra onlar əziyyət çəkirlər. Bu gün erməni xalqı öz gələcəyindən, təhlükəsizliyindən narahatdır.

Azərbaycana gəlincə, o, sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu bildirir. Türkiyə də dəfələrlə bəyan edib ki, Yerevanla normal diplomatik və iqtisadi münasibətlər qurmağa hazırdır. Lakin bu da kifayət deyil. Çünki əsas problemləri məhz Ermənistanla Azərbaycan həll etməlidir. İndi ermənilərlə azərbaycanlıların təkcə tarixə, ötən 30 ildə baş vermiş hadisələrə deyil, həm də irəli aparacaq yolun necə tapıla biləcəyinə, sülh şəraitində yaşaya biləcəkləri gələcəyi necə qura biləcəklərinə nəzər yetirməlidirlər. Bunun üçün isə tərəflərin 2020-ci ilin noyabrında imzalanmış bəyanatın şərtlərinə əməl etməsinə, sənədin mahiyyətinə uyğun davranmasına ehtiyac var.

Üçtərəfli bəyanatın müsbət məqamlarından biri Ermənistanla Azərbaycanın Rusiya ilə birgə nəqliyyat əlaqələrinin açılmasını müzakirə etməsidir. İndi Yerevan Azərbaycanın mülki təyyarələrinin onun ərazisindən istifadə etməsinə imkan yaradıb. Söhbət Bakı ilə Azərbaycanın eksklavı olan Naxçıvan arasındakı uçuşlardan gedir. Bu, onu göstərir ki, irəliləyişə nail olmaq mümkündür.

Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında Ermənistan vasitəsilə yerüstü əlaqələrin qurulması isə əslində, bütün Avrasiyada yük daşımalarının asanlaşdırılmasına töhfə verəcək. Bu, Avropa ilə Mərkəzi, Şərqi və Cənubi Asiya arasında yük daşımalarını asanlaşdıracaq. Nəqliyyat əlaqələrinin yaxşılaşması isə iqtisadi artıma və hər bir ölkənin daha da çiçəklənməsinə səbəb olacaq.

Amma bunun üçün Bakı ilə Yerevan miqyaslı və çətin işlərin öhdəsindən gəlməlidir. Bu mənada, mühüm əhəmiyyətə malik məsələlər var: ritorikanın yumşaldılması, münaqişənin davam etdiyi illər ərzində yaranmış düşmənçiliyin azaldılması, əhalinin real və dayanıqlı sülh üçün lazım olan addımlara hazırlanması.

ABŞ-ın nifrətin aradan qaldırılması işində müxtəlif ölkələrə yardım göstərib. Bu işdə onun böyük təcrübəsi və geniş resursları var. Odur ki, Vaşinqtonun bu regionda da iştirakı arzulanandır. Uzun müddət ərzində belə təəssürat yaranıb ki, ABŞ hökuməti bu bölgədəki proseslərdən uzaq durur. Nəhayət, Vaşinqtonun bölgədə daha fəal olmağa, effektli əlaqələr qurmağa can atdığını göstərən əlamətlər var. Məsələn, o, Ermənistanla Azərbaycanın istər ikitərəfli danışıqlar, istərsə də beynəlxalq tədbirlər vasitəsilə irəli addımlamalarına yardım göstərməyə çalışır. Odur ki, indi hər iki ölkə ABŞ rəsmiləri ilə görüşlərdən yararlanmağa çalışmalıdır.

Sonda qeyd etmək istərdim ki, digər beynəlxalq məsələlərdən fərqli olaraq, Cənubi Qafqazdakı vəziyyət böyük maliyyə vəsaiti və ya qoşun yerləşdirilməsini tələb etmir. Vaşinqton bu regionda məqsədyönlü, nəzərəçarpan səylərlə uğur qazana, liderliyini, vizyonunu, ona olan inamı bərpa edə bilər.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: STARS AND STRIPES

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az