Müəllif: Akademik Mərvan Sudah
Azərbaycan dövləti və xalqı şair Nizami Gəncəvinin yaradıcılığını daim yüksək qiymətləndirib. Sona çatmaqda olan 2021-ci il respublika prezidenti İlham Əliyevin sərəncamı ilə lap əvvəldən “Nizami İli” elan edilib. Çünki bu il əzəmətli söz ustadı, məhəbbət mövzusunda poemalar sahibi, görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyidir.
Nizami yaradıcılığı dünyada, o cümlədən ərəb aləmində ədəbiyyat və mədəniyyət cameələrinin, ayrı-ayrı dinlərə etiqad edən, fərqli dillərdə danışan, müxtəlif irqlərə və millətlərə mənsub geniş oxucu kütləsinin diqqət mərkəzindədir. Şairin ümumbəşəri fəzilətləri etiraf edilir.
Mütəfəkkir şair Nizami Gəncəvi Azərbaycanın böyük şəhərlərindən biri olan Gəncədə dünyaya gəlib. Onun ərəb dünyasında da ən məşhur əsərlərindən biri “Leyli və Məcnun”dur.
2021-ci il sona çatmaqdadır. Azərbaycanda – bu şair-filosofun vətənində hökumətin həyata keçirdiyi elmi və mədəni tədbirləri, Nizami Gəncəvini Azərbaycan xalqına və qonşulara, eləcə də dünyanın digər xalqlarına yenidən təqdim edən kitabları minnətdarlıqla qeyd edirəm. Bütün bunlar ümumbəşəri fayda üçündür. Bu kitablar daim oxunacaq və faydalı olacaq, insanın və insanlığın böyük istinadgahı kimi qalacaq, bütün dövrlərdə ədalət, bərabərlik və həqiqət carçısı olacaq. Dünya xalqları Nizami Gəncəvinin yüksək və müdrik fikirlərinə hər an ehtiyac hiss edir. Şairin düşüncələri həmçinin ruhi və əqli ülviliyi, geniş dünya dərkini və insan həyatının müqəddəs amallarını təbliğ edir.
Böyük Azərbaycan şairi Nizami Gəncəvi bu və ya digər səbəblərdən bütün dövrlərdə yaşayacaq şöhrət qazanıb. Şairin ideyaları və təbliğ etdiyi dəyərlər gələcək üçün də aktual olaraq qalacaq. Həyatında və inkişafında bunları rəhbər tutan xalq mütləq uğur qazanacaq. Şairin fəzilətlərlə dolu fikir bağçasından daim bəhrələnmək olar.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli digər mütəfəkkirlər və filoloqlar kimi, Nizami Gəncəvinin adını dünya ədəbiyyatının ən məşhur klassiklərindən biri kimi qeyd edir. Nizami Gəncəvinin adı (1141-1209) Azərbaycandan Şərqə nur saçır. O, bütün bəşəriyyətə məxsus görkəmli ədəbi şəxsiyyətdir. Nizami öz fikirləri ilə, nəhəng və dərin mənalı yaradıcılığı ilə bəşəriyyəti zənginləşdirir. Nizami Gəncəvi mənsub olduğu Azərbaycan xalqının milli fəxridir. Bununla yanaşı, o, Homer, Dante Aligyeri, Miqel de Servantes, Vilyam Şekspir, Əbul-Əla əl-Məərri, Əbdürrəhman əl-Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli, Onore de Balzak, Viktor Hüqo kimi, dünya ədəbiyyatını yüksək səviyyədə təmsil edir. İordaniya paytaxtı Əmmanın Cəbəl Əmman rayonunda 1970-ci ildə Sovet Mədəniyyət Mərkəzi açılandan bəri, hətta ondan da əvvəl on illərlə sonradan bu mərkəzin kitabxanasına çevrilmiş kitablardan, Bakıda Azərbaycan radiosunun ərəb dili redaksiyasının efirindən, Azərbaycanın xarici dövlətlərlə dostluq və mədəni əlaqələr Cəmiyyəti tərəfindən uzun müddət nəşr edilmiş “Sovet Azərbaycanı bu gün” jurnalından, eləcə də “Moskva xəbərləri” həftəlik qəzetinin, “Sovet İttifaqı” aylıq jurnalının səhifələrindən böyük şairimiz, tarixdə şairlərin ən məşhurlarından və dahilərindən biri olan Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş və davamlı şəkildə çap olunan əsərlərini həvəslə izləmişəm.
Nizami Gəncəvi dünya ədəbiyyatına, fikrinə və fəlsəfəsinə aiddir. Ona görə o, əbədi şöhrət qazanıb. Doğulduğu Azərbaycanda Nizaminin adı əbədiləşdirilib. Bununla yanaşı, ağıl və yaradıcılığı yüksək qiymətləndirən bütün dövlətlər onun dühası və əsərləri ilə fəxr edib və indi də edir. O, Azərbaycan mühitinin yetirməsidir, qəlbi və ruhu ilə ona mənsubdur. Ona görə də Azərbaycan paytaxtı Bakıda və doğulduğu Gəncə şəhərində şairin böyük heykəllərinin ucaldığının şahidi oluruq. Şair fikri, ağlı, dili, yaradıcılığı və milləti ilə vətəni Azərbaycana bağlı olub. Onun heykəlləri və şəkilləri məktəblərdə, universitetlərdə, muzeylərdə, elm müəssisələrindədir, adı isə küçələrə verilib. Nizami Gəncəvinin xatirəsi və heykəlləri ucalıqdadır. Onun adı ərəb ziyalılıarı arasında da, ərəb cəmiyyətlərində də daim zikr edilir. Həmçinin şair Rusiyada, Çində, Qərb və Şərq ölkələrində tanınır. Müstəqil Azərbaycan Respublikası şairin irsinin təbliği istiqamətindı davamlı fəaliyyət göstərir. Odur ki, Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı tədbirlər də təntənəli və geniş şəkildə davam edir.
(Ərəb dilindən tərcümə - WorldMedia.Az)