28.03.2023 22:39
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
Heydər Əliyev Azərbaycan xalqının qəlbində yaşayır

 
 



Anfaspress, Mərakeş
14.12.2021


Müəllif: Dr. Məhəmməd Fəqiri (Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri)

Dekabrın 12-də Azərbaycanda xalqın ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü yad edilib. Heydər Əliyev milli birliyin “qoruyucu zirehi” hesab olunurdu, çünki o, Azərbaycan xalqının həyatının çətin dövrlərində vətəndaş müharibəsinin baş verməsinin qarşısını alıb.

Heydər Əlirza Oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan tarixinə böyük töhfələr vermiş yazıçıların, mütəfəkkirlərin və memarların yetişdiyi, haqlı olaraq, Azərbaycanın elm, bilik və mədəniyyət beşiyi hesab edilən qədim Naxçıvan şəhərində anadan olub. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin iyulunda keçirilmiş iclasında birinci katib seçildikdən sonra respublikaya rəhbərlik edib. O, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib. Heydər Əliyev, Milli Məclisin 24 iyul tarixli qərarına əsasən, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb və 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində 76,1 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. 1998-ci il oktyabrın 11-də keçirilmiş seçkidə böyük səs çoxluğu ilə vəzifəsini qoruyub saxlayıb.

Ömrünü xalqının intibahına, tərəqqisinə həsr etmiş mərhum lider ömrünün son anlarına qədər ölkəsi, xalqı haqda düşünüb.

Azərbaycan azad və müstəqil dövlət olduqdan sonra, Heydər Əliyev hakimiyyəti dövründə dünyanın müxtəlif dövlətləri ilə möhkəm əlaqələr qurmağa çalışıb, beynəlxalq konfranslarda ölkəsinin problemlərini qaldırıb, həmin problemlərə, xüsusən Qarabağ məsələsinə dair dünyanın müstəqil ölkələrinin dəstəyini qazanmağa can atıb. Çünki o, bu xalqın əsl oğlu və bu torpağın layiqli yetirməsi idi. Vətəndaşlar Heydər Əliyevin neft sənayesi, təhsil, səhiyyə, mədəniyyət, incəsənət kimi sahələrdə apardığı müdrik siyasət nəticəsində əldə etdiyi uğurlardan hələ də bəhrələnirlər.

Ölməz rəhbər və ümumilli lider Azərbaycanın gücünü təmin edəcək, torpaqlarını qoruyacaq, hüquqlarını müdafiə edəcək, Ermənistanın qəsb etdiyi torpaqları geri qaytaracaq güclü ordunun qurulmasına xüsusi diqqət göstərib.

Keçmişdə Azərbaycanın daxili işlərinə xarici müdaxilələr olurdusa, Heydər Əliyev Azərbaycanın ətrafına sanki dəmir hasar çəkib və belə halların qarşısını alıb. Məhz onun dünya arenasında apardığı uğurlu siyasət sayəsində Azərbaycan qısa müddətdə dünyada öz layiqli yerini tutub, müstəqil ölkə kimi şöhrət qazanıb. Dünya ölkələri onun ərazi bütövlüyünü tanımağa başlayıb, Azərbaycan müxtəlif beynəlxalq təşkilatlara üzv olub. Təbii ki, Azərbaycan Sovet İttifaqının tərkibindən çıxaraq müstəqil olmuş müsəlman ölkəsi kimi, islam ölkələrinin də diqqətini çəkib, buna görə də onunla qarşılıqlı əməkdaşlıq, mədəni, siyasi və iqtisadi əlaqələrin qurulmasına başlanılıb.

Digər tərəfdən, Heydər Əliyev bütövlükdə dünya ölkələri, xüsusən də islam ölkələri ilə müxtəlif sahələrdə geniş əlaqələrin qurulmasına böyük əhəmiyyət verib. Ümumilli lider deyirdi ki, Azərbaycan islam dünyasının ayrılmaz hissəsidir.

O, təhsil, səhiyyə, mədəniyyət, cəmiyyət və müxtəlif elm sahələrində, xüsusən də cəmiyyətin intibahının və ölkənin inkişafının əsasını təşkil edən elmi tədqiqatlarda beynəlxalq meyarlara uyğun yüksək ixtisaslı yerli kadrların hazırlanmasında hər zaman maraqlı olub. H.Əliyevin hakimiyyəti dövründə yüzlərlə tələbənin təhsil və tədqiqat məqsədilə Avropa, Amerika və digər inkişaf etmiş ölkələrə göndərilməsi müxtəlif sahələrdə elmi intibaha öz töhfəsini verib.

Mərhum prezident lazım olan şərtlər yerinə yetirildikdən və təşəbbüsü ələ aldıqdan sonra, Ermənistanın işğal etdiyi torpaqların bir hissəsini geri qaytara bilsə də, ağır iqtisadi və siyasi şərait üzündən işğal olunmuş torpaqların qalan hissəsinin də geri qaytarılması işini başa çatdıra bilməyib. Nəticədə o, Ermənistanla atəşkəs sazişi imzalamağa nail olub. Budan sonra Heydər Əliyev ordunu yenidən təşkil etməyə, dövlət sektorunu gücləndirməyə başlayıb. Əsas məqsəd əlbəttə ki, Ermənistanın işğalı altındakı torpaqların geri qaytarılması olub.

Azərbaycan 1992-ci ildən BMT üzvüdür. Birləşmiş Millətlər Təşkilatı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən bir sıra qətnamələr qəbul edib. Belə sənədlərdən sonuncusu 2008-ci il martın 14-də qəbul olunub. Lakin problemin sülh yolu ilə, mehriban qonşuluq və beynəlxalq qanunlar çərçivəsində həlli məqsədilə həyata keçirilən bütün cəhdlərə baxmayaraq, Ermənistan bu qətnamələrə əhəmiyyət verməyib və onları yerinə yetirməyib. Təcrübəli lider, “zorla alınanı ancaq güclə bərpa etmək olar” kimi məşhur deyimi misal gətirərək, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmayacağı təqdirdə, zor tətbiq etməkdən başqa yolunun qalmayacağını da bəyan etmişdi...

Lakin xəstəlik ona möhlət verməyib. O, müalicə üçün Amerikaya gedərkən, Azərbaycanı son dəfə tərk edən zaman bu sözləri deyib: “Mənim məqsədim Azərbaycandır, Azərbaycan vətəndaşı və Azərbaycan xalqıdır. Bu məqsədimə nail olsam, həyatımın amalına yetişmiş olaram”.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də 81 yaşında dünyasını dəyişib. Amma artıq o, Azərbaycan xalqını azadlıq və firavanlıq arzularının həyata keçirilməsi yolunda düzgün istiqamətə yönəltmişdi. Bundan sonra atasının missiyasını başa çatdıracağına söz verən İlham Əliyev xalqı arzularına çatdırmaq, Azərbaycanın dünya xalqları arasında layiqli yerini tapmasına nail olmaq məsuliyyətini öz üzərinə götürüb. Mərhum rəhbərin icrasını oğluna – indiki prezident İlham Əliyevə həvalə etdiyi əsas arzusu Dağlıq Qarabağ bölgəsinin erməni işğalından azad olunması, ölkənin ərazi bütövlüyünü təmini olub. Beləliklə, təcrübəli rəhbər İlham Əliyev ölkəsini qabaqcıl dövlətlər sırasına çıxarıb, layiqli mövqeyə çatdırıb, cəsur milli ordu qurub və sonda 44 günlük müharibədə qələbə qazanaraq, işğal altındakı Azərbaycan torpaqlarını geri alıb. O, bununla həm də atasının arzu və vəsiyyətini yerinə yetiririb. Necə deyərlər, “zorla alınan ancaq güc yolu ilə bərpa oluna bilər” kəlamı təsdiqini tapıb.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anfaspress

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2023, WorldMedia.az