20.01.2022 07:06
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qarabağın bərpası: 2021-ci ilin nəticələri
 
19.01.2022
Moderndiplomacy, Aİ
 

  Azərbaycan – Təbriz üçün prioritet
 
18.01.2022
TabrizeMan, İran
 

  2022-ci il Azərbaycanda “Şuşa İli” olacaq: bu, nə deməkdir?
 
18.01.2022
Eureporter, Aİ
 

  FOTOREPORTAJ| Azərbaycanın şimalında ucqar kənd: dəyişiklik astanasında
 
17.01.2022
The Washington Post, ABŞ
 

  Azərbaycan ötən ildə
 
16.01.2022
IRNA, İran
 

 
 
Münaqişə yalnız adi silahlarla olmur

 
 



TIRANA TIMES, Albaniya
23.12.2021


Müəllif: Tural Gəncəliyev (Azərbaycan Parlamentinin Xankəndidən olan deputatı)

Hər kəs təhlükəsiz və sağlam ekoloji mühitdə yaşamağa layiqdir. Ekoloji fəlakətlərin qlobal təsirinin getdikcə artdığı şəraitdə ətraf mühitin qorunması və mühafizəsi məsələsində birləşmək həmişəkindən daha vacibdir. Hər səviyyədə – fərdi, təşkilati və ya dövlət.

Təbii ekosistemlərdə zərərli dəyişikliklərin qarşısının alınması bizim əsas prioritetimiz olmalıdır. Əgər dünyanın hər hansı hissəsində ekoloji fəlakət baş verirsə, bu və ya digər şəkildə hər kəs onun təsirlərinə məruz qalır. Bu gün qlobal istiləşmə üzündən baş verən ekoloji fəlakətlərin şahidi oluruq. Söhbət meşə yanğınlarından, anomal istilərdən, daşqınlardan və quraqlıqdan gedir. Məhz bu səbəbdən insanlar əməkdaşlıqda, texnoloji innovasiyalar sayəsində karbon tullantılarının miqdarını azaltmağa çalışır.

Təəssüf ki, hazırda ekoloji fəlakət şəklində baş verən ekoterrorizmin də şahidi oluruq. Bu zaman dövlətlər, hər hansı qruplar və ya fərdlər hökumətləri və ya mülki şəxsləri qorxutmaq, nəyəsə məcbur etmək məqsədilə ətraf mühiti məhv edir.

Müasir dövrün ən dəhşətli ekoloji fəlakətlərindən biri ilə üz-üzə qalmış ölkələrdən biri də Azərbaycandır. Söhbət Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı 30 ildə yaranmış vəziyyətdən gedir. Bu müddət ərzində ermənilər Azərbaycan ərazisinin 20%-ni talan edib, çoxəsrlik nadir ağac növlərinin olduğu minlərlə kvadratkilometrlik meşələri qəsdən qırıb və ya yandırıb. O, hətta işğal edilməmiş Azərbaycan ərazilərinə çayların axmaması üçün bəndlər belə, tikib. Yayda, fermerlərin suvarma suyuna ehtiyacı olduğu dövrlərdə çaylar qurudulub, qışda – suya ehtiyacın olmadığı vaxt isə bəndlərdən böyük həcmdə su axıdılıb. Bu, güclü daşqınlara, kənd təsərrüfatı torpaqlarının eroziyasına səbəb olub.

Ermənistan Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etdirir. Məsələn, Ermənistandan Azərbaycana axan Oxçuçay bu gün də çirkləndirilir – bu ölkədə fəaliyyət göstərən dağ-mədən şirkətləri bu çaya zərərli sənaye tullantıları axıdır, nəticədə çayda həyat məhv olur.

Oxçuçay sonda Araz çayına qovuşur. Demək, bu, Araz çayının da çirklənməsi ilə nəticələnir. Halbuki, Azərbaycanda yüz minlərlə insan bu çayın suyundan suvarma məqsədilə istifadə edir.

Maraqlıdır ki, Ermənistanda dağ-mədən sənayesi ilə məşğul olan beynəlxalq şirkətlər öz ölkələrində belə halların baş verməməsi üçün davamlı olaraq əllərindən gələni edirlər. Öz ölkələrindən kənarda isə onlar eyni ehtiyat tədbirlərinə ehtiyac görmürlər.

Bu da son deyil. Ermənistan 30 illik işğal dönəmində ətraf mühitə bərpası qeyri-mümkün olan zərərlər vurub. O, bu dövrdə Azərbaycanın təbii resurslarını qeyri-qanuni olaraq məsuliyyətsizcəsinə istismar edib. Söhbət nadir torpaq elementlərindən, dağ süxurlarından, qumlardan, faydalı qazıntılardan gedir. Üstəlik, Ermənistan işğalı altından olmuş Azərbaycan ərazilərini təxminən bir milyon yerüstü mina ilə də çirkləndirib. Nəticədə yüz minlərlə kvadratkilometrlik məhsuldar torpaqlar yararsız hala düşüb. Əslində, Ermənistan Azərbaycana qarşı ekoloji zərəri sistemli, məqsədyönlü şəkildə həyata keçirib. O, çalışıb ki, Azərbaycanın Qarabağ regionunu 1 milyonluq etnik azərbaycanlının yaşaya bilməyəcəyi vəziyyətə düşsün. Qeyd edək ki, 30 illik işğal dövründə 1 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb.

Amma Ermənistanın Azərbaycana qarşı ekoloji terroru uzun illər işğal altında olmuş ərazilərlə məhdudlaşmır. Onun bəzi daxili əməlləri də qonşuları üçün ekoloji təhdid yaradır. Belə təhdidlərdən biri “Metsamor” Atom Elektrik Stansiyasıdır. Stansiyanın istismar müddəti çoxdan başa çatsa da, Ermənistan ondan hələ də uzunmüddətli icarə əsasında istifadə edir. Halbuki, bu AES bir sıra beynəlxalq təhlükəsizlik standartlarına cavab vermir. Məsələn, o, tələb olunan qoruyucu örtüyə malik deyil. Bundan başqa, “Metsamor” AES yalnız 7 bal gücündə zəlzələyə tab gətirə bilər. Amma o, 8 baladək zəlzələnin baş verə biləcəyi ərazidə tikilib.

Nüvə yanacağının daşınması və radioaktiv tullantıların utilizasiyası region üçün ciddi təhlükə mənbəyidir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Ermənistanın məsuliyyətsiz siyasəti üzündən region nüvə fəlakəti ilə üz-üzə qalıb. Odur ki, “Metsamor” Atom Elektrik Stansiyasının bağlanması, istismardan çıxarılması üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və digər müvafiq qurumlar Ermənistana təzyiq göstərməlidir.

Ermənistan tərəfindən həyata keçirilən bütün bu ekoloji terror aktlarına, onun Azərbaycana qarşı nifrət zəmnində atdığı addımlara baxmayaraq, biz bütün tərəfləri ətraf mühitlə bağlı məsələlərdə əməkdaşlığa çağırırıq. Hesab edirik ki, təhlükəsiz, sağlam və təmiz ətraf mühitdə yaşamaq hüququ baxımından qeyri-bərabərliyə son qoyulması üçün hamımız birləşməliyik!

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TIRANA TIMES

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2022, WorldMedia.az