20.01.2022 08:40
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qarabağın bərpası: 2021-ci ilin nəticələri
 
19.01.2022
Moderndiplomacy, Aİ
 

  Azərbaycan – Təbriz üçün prioritet
 
18.01.2022
TabrizeMan, İran
 

  2022-ci il Azərbaycanda “Şuşa İli” olacaq: bu, nə deməkdir?
 
18.01.2022
Eureporter, Aİ
 

  FOTOREPORTAJ| Azərbaycanın şimalında ucqar kənd: dəyişiklik astanasında
 
17.01.2022
The Washington Post, ABŞ
 

  Azərbaycan ötən ildə
 
16.01.2022
IRNA, İran
 

 
 
Qarabağ: Fransa, Rusiya və Türkiyənin öhdəlikləri

 
 



EURACTIV, Aİ
23.12.2021


Müəllif: “Euractiv”in İtaliya redaksiyası

Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında vasitəçilik etməsi nəticəsində Bakı saxladığı 10 erməni hərbçini Yerevana təhvil verib. Bununla yanaşı, iki ölkə arasındakı problem Rusiya və Fransa prezidentləri Vladimir Putin ilə Emmanuel Makron arasında da müzakirə olunub. Nəticədə Moskva ilə Paris mövcud problemlərin həlli istiqamətində sinxron çalışmaq haqda razılığa gəlib. Bütün bunların fonunda Türkiyə uzun illər sonra Ermənistanla əlaqələri bərpa edir.

Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir neçə gün əvvəl baş tutmuş görüşdən sonra Bakı saxladığı 10 erməni hərbçini Yerevana qaytarıb. Bu, tərəflər arasında noyabrın 16-da baş vermis silahlı toqquşmadan sonra ikinci belə hadisədir. Son qarşıdurma da təxminən 1 il əvvəl olduğu kimi, Rusiyanın vasitəçiliyi ilə dayandırılıb. Xatırladaq ki, Ermənistanla Azərbaycan arasında ötən il baş vermis və hər iki tərəfdən təxminən 6500 insanın həyatına son qoymuş müharibə zamanı Yerevan Moskvaya müraicət edərək, onu müdafiə etməsini istəmişdi.

Beləliklə, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti bu il noyabrın 16-da saxlanılmış 10 erməni hərbçinin geri qaytarıldığını bəyan edib. Eyni mövzuda açıqlama ilə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da çıxış edib. “Azərbaycan Respublikası noyabrın 16-da saxlanılmış 10 erməni əsilli əsgəri Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib”, - deyə açıqlamada bildirilir.

Bakı hələ Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilmiş danışıqlardan əvvəl bildirirdi ki, bu görüş müəyyən məsələlərin həlli üçün əlverişli zəmin yarada bilər.

Amma saxlanılmış şəxslərin azad olunasında Rusiyanın vasitəçi rolu da vurğulanmalıdır. Bu, dekabrın əvvəlində də, daha sonra 16-da da Moskvanın rolu olmadan baş verməyib. Bununla da Rusiya Avropanın şərqində ən qaynar nöqtələrdən olan Cənubi Qafqazda sabitləşdirici rolunu qoruyub saxlamaq niyyətini ortaya qoyur.

Bununla yanaşı, prosesdə Ermənistanla tarixi əlaqələri olan, böyük erməni icmasına sahib Fransa da iştirak etmək istəyir. Rusiya Prezidenti Vladimir Putin ilə Fransanın dövlət başçısı Emmanuel Makron arasında bu yaxınlarda baş tutmuş telefon danışığı da bunun göstəricisidir. Kremldən verilən açıqlamada deyilir ki, dövlət başçıları qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib. Telefon danışığı zamanı tərəflər Ermənistan-Azərbaycan probleminin həlli üçün sinxron fəaliyyət göstərmək haqda razılığa gəlib. Hər iki lider vəziyyətin sabitləşməsindən, bölgədə sülhün bərqərar olması istiqamətindəki səylərdən, eləcə də regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün atılan addımlardan məmnunluğunu bildirib.

Bu arada, bu münaqişədə uzun illərdir Azərbaycanı dəstəkləyən Türkiyə Ermənistanla əlaqələri bərpa etmək niyyətini açıqlayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşması prosesi çərçivəsində “yaxın günlərdə” Türkiyə ilə Ermənistan arasında birbaşa uçuşlar bərpa olunacaq.

Türkiyə Ermənistanla sərhədini Bakıya dəstək olaraq, 1993-cü ildə bağlayıb. Son müharibədə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra Ankara Yerevanla münasibətlərə yenidən baxa bilməsi üçün əlverişli şəraitin yarandığını açıqlayıb. Ötən həftə isə, nəhayət, prosesə başlandığı bəyan olunub.

“Bəzi aviaşirkətlər Yerevanla İstanbul arasında uçuşlar həyata keçirmək istəklərini bildiriblər”, - deyə Çavuşoğlu malayziyalı həmkarı Seyfuddin Abdulla ilə birgə mətbuat konfransı zamanı bildirib: “Ölkəmizin Nəqliyyat Nazirliyi artıq bu müraciətləri araşdırmağa başlayıb və yaxın bir neçə gün ərzində bəzi şirkətlər tərəfindən uçuşlar həyata keçirilməyə başlayacaq”.

Nazir onu da deyib ki, Ermənistanla münasibətlərin normallaşması üçün tərəflərin müəyyənləşdirəcəyi xüsusi nümayəndələr yaxın vaxtlarda görüşəcəklər. “Bu, qarşılıqlı etimadın artırılması üçün irəli sürülmüş təşəbbüsdür”, - deyə o, bildirib: “Biz Cənubi Qafqazda sülh və sabitliyin bərpa olunacağına inanırıq”.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: EURACTIV

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2022, WorldMedia.az