20.01.2022 07:49
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qarabağın bərpası: 2021-ci ilin nəticələri
 
19.01.2022
Moderndiplomacy, Aİ
 

  Azərbaycan – Təbriz üçün prioritet
 
18.01.2022
TabrizeMan, İran
 

  2022-ci il Azərbaycanda “Şuşa İli” olacaq: bu, nə deməkdir?
 
18.01.2022
Eureporter, Aİ
 

  FOTOREPORTAJ| Azərbaycanın şimalında ucqar kənd: dəyişiklik astanasında
 
17.01.2022
The Washington Post, ABŞ
 

  Azərbaycan ötən ildə
 
16.01.2022
IRNA, İran
 

 
 
İranla Azərbaycan dostluq münasibətlərini bərpa edir

 
 



The National Interest, ABŞ
07.01.2022


Müəllif: Məhəmməd Cavad Musavizadə

2021-ci ilin sentyabrında Bakı ilə Tehran arasında münasibətlər pisləşmişdi. O vaxt azərbaycanlı rəsmilər İrana məxsus yük maşınlarının Azərbaycanın icazəsi olmadan, qeyri-qanuni şəkildə Qarabağ regionuna keçməsinə etiraz edirdi. Əvəzində Tehran nəinki ittihamları qəbul etmir, üstəlik, Azərbaycanı öz ərazisini İrana qarşı casusluq məqsədilə İsrailə təklif etməkdə günahlandırırdı. Həmin vaxt yaşanan gərginlik fonunda İran Silahlı Qüvvələri Bakıya xəbərdarlıq məqsədilə Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlər də keçirmişdi. Nəhayət, tərəflər arasında anlaşılmazlıq və gərginlik aradan qalxıb.

Azərbaycan və İran prezidentləri bu il noyabrın 28-də Aşqabadda görüşüblər. “Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək”, - deyə o zaman iki dövlət arasında sazişin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə bildirib: “Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”.

İran Prezidenti İbrahim Rəisi öz növbəsində vurğulayıb ki, iki ölkənin xalqlarının “ürəkləri bir döyünür”: “Heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsin. Biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik”.

Əslində, prezidentlərin noyabr görüşü bu iki dövlət arasındakı diplomatik münasibətlərdə dönüş nöqtəsidir. Xatırladaq ki, Bakı ilə Tehran arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Bakıya ötən il dekabrın sonlarında etdiyi səfər iki dövlət arasında ümumi məsələləri, planları nəzərdən keçirməyə imkan yaradıb. Əslində, bu səfər İranla Azərbaycanın dostluq münasibətlərinə, tərəfdaşlığa can atdıqlarının müjdəçisi idi. Hüseyn Əmir Abdullahian o zaman vurğulamışdı ki, ikitərəfli münasibətlərin genişləndirilməsini həm Tehran arzulayır, həm də Bakı: “İranla Azərbaycan arasında əlaqələrdə yeni səhifə açılıb. Bunun hər iki dövlət üçün müsbət nəticələri olacaq”. O, Tehranın Azərbaycanın 2020-ci ildə Ermənistandan azad etdiyi ərazilərin bərpasına yardım etməyə hazır olduğunu da qeyd etmişdi.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında Bakı ilə Tehranın birgə həyata keçirdiyi layihələrdən danışmış, “Xudafərin”, “Qız qalası” və “Ordubad” su elektrik stansiyalarının inşasını, həmçinin Astaraçay üzərində körpünün tikilməsini, İran-Azərbaycan-Rusiya nəqliyyat dəhlizinin daha da təkmilləşdirilməsini, Neftçalada birgə avtomobil istehsalı zavodunun işə salınmasını buna nümunə göstərmişdi.

Siyasi ekspertlər hesab edir ki, Azərbaycanla İranın yeni birgə layihələrin həyata keçirilməsi məqsədilə qəbul etdiyi “yol xəritəsi” iki dövlət arasında münasibətlərin bərpasına hesablanıb. Tərəflər arasında imzalanmış yeni saziş əslində, İranın hazırda Qafqazda həyata keçirdiyi fəal diplomatiyanın ilk müsbət nəticəsidir. Söhbət Azərbaycanla İranın türkmən qazının tranziti ilə bağlı əldə etdikləri razılaşmadan gedir. Bu sazişə əsasən, hər il bu marşrut üzrə 2 milyard kubmetr qaz mübadilə ediləcək.

Sazişin İslam Respublikası üçün ən mühüm üstünlüklərdən biri odur ki, Türkmənistan qazının Azərbaycana nəqli zamanı İranın şimalında yerləşən 5 vilayəti enerji resursunun ötürülməsi hüququ əldə edəcək. Nəticədə İranın regiondakı qaz şəbəkəsinin sabitliyi təmin olunacaq.

Bu üç dövlətin Rusiya ilə yaxın olması enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar da açır. Məsələn, bu ilin aprelində İran və Rusiyanın elektrik şəbəkəsinin Azərbaycan vasitəsilə sinxronlaşdırılması ilə bağlı layihəyə start veriləcək. İranın enerji nazirinin beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Əli Faranakian layihənin ilkin təhlilinin aparıldığını bildirib. Onun sözlərinə görə, hər üç ölkənin hərtərəfli hesabatı təqdim etməsi ilə, bu il aprelin sonlarında layihəyə start veriləcəyi gözlənilir.

Ümumiyyətlə, İranla Azərbaycan ümumi dini, dili və mədəniyyəti bölüşür. Odur ki, onlar münasibətlərin gələcək inkişafı üçün böyük potensiala malikdir. İranın energetika naziri Əli Əkbər Mehrabian bu yaxınlarda bildirib ki, ölkəsi Azərbaycanla birgə elektrik stansiyaları inşa etməyə hazırdır. Bunu Mehrabian azərbaycanlı həmkarı Pərviz Şahbazov ilə onlayn görüşdə deyib: “İranın elektrik şəbəkəsinin Azərbaycan vasitəsilə Rusiyaya qoşulması üçtərəfli əlaqələrin gücləndirilməsi üçün vacibdir”.

İranla Azərbaycan arasında ümumi sərhədin uzunluğu 750 kilometrdir. Onlar arasında 4 gömrük-sərhəd keçid məntəqəsi fəaliyyət göstərir. Üstəlik, tərəflər İranla Azərbaycan arasında avtomobil daşımalarının inkişafında, ikitərəfli ticarətdə maneələrin aradan qaldırılmasında maraqlıdırlar. Məsələn, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın qədim tarixə malik olması və ümumi xüsusiyyətlər gələcək əməkdaşlığı asanlaşdırır.

Bakı ilə Tehran arasında ən böyük problemlərdən biri israillilərin Azərbaycan ərazisində mövcudluğu və Bakı ilə yəhudi dövləti arasında hərbi sahədə sıx münasibətlərin olması idi. Azərbaycan İsraili rəsmi olaraq 1992-ci ildə tanıyıb. Doğrudur, iranlı rəsmilər dəfələrlə bəyan edib ki, Tehran İsrailin sərhədlərinin yaxınlığında iştirakına dözməyəcək. Odur ki, bəzi siyasi ekspertlərin fikrincə, İslam Respublikasının regionda fəallaşmasına məhz Azərbaycanla İsrail arasındakı sıx hərbi əlaqələr səbəb olub. Lakin Bakı ilə Tehran arasındakı son diplomatik danışıqlardan sonra İran Azərbaycan-İsrail əlaqələri ilə barışıb. Artıq Tehran Azərbaycanı yəhudi dövləti ilə hərbi əməkdaşlığı dayandırmağa da çağırmır.

Əslində, BƏƏ, Rusiya, Bəhreyn və digər dövlətlərin İsraillə yaxşı münasibətlər qurduğunu nəzərə alsaq, Tehran qonşularının yəhudi dövləti ilə əməkdaşlığı dayandırmasını tələb edə bilməz. Demək, o, regional əməkdaşlıqda daha çevik siyasət yürütməyə məcburdur.

Bəzi siyasi ekspertlər düşünür ki, İranın Azərbaycanla münasibətləri yaxşılaşdırması, daha dəqiqi Bakıya güzəştə getməsi onun qərb sərhədlərində müəyyən risklər yarada bilər. Bu gün İran böyük problemlərlə üz-üzədir. Söhbət ABŞ-ın sanksiyaları üzündən meydana gələn iqtisadi böhrandan, daxili iğtişaşlardan və Əfqanıstandakı “Taliban” rejimi ilə qeyri-müəyyən münasibətlərdən gedir.

Bütün bunlarla yanaşı, hazırda İranla fövqəldövlətlər arasında Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası ilə bağlı danışıqlar da aparılır. ABŞ-ın 2018-ci ildə bu sazişi tərk etməsindən sonra belə, Azərbaycan İranla əməkdaşlığı genişləndirmək əzmindən imtina etməyib. Əgər indi Vyanada davam edən danışıqlar sazişin imzalanması və Tehrana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması ilə nəticələnərsə, Azərbaycan İranla əlavə ticarət münasibətlərindən fayda qazanacaq.

Beləliklə, tərəflər keçmiş fikir ayrılıqlarını unutmasalar da, münasibətlərdə yeni gərginliyin yaranmasında maraqlı deyil. Əksinə, bu gün İbrahim Rəisi qonşu dövlətlərlə münasibətlərin inkişafını xarici siyasətinin əsas istiqaməti elan edib. Odur ki, Azərbaycanla İran münasibətlərin daha da inkişafında maraqlıdırlar.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The National Interest

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2022, WorldMedia.az