Müəllif: Andrea Bolito
Azərbaycan milli rəqsi bu xalqın mədəniyyətinin əsasını təşkil edir. O, milli musiqi, xoreoqrafiya və hekayələri özündə birləşdirir.
Azərbaycan milli rəqsləri qədim tarixə, irsə malikdir. Onlar üslub baxımından bir-birindən ciddi şəkildə fərqlənir.
1938-ci ildə yaradılmış Azərbaycan Dövlət Rəqs Ansamblı bütün dünyanı dolaşıb. Söhbət kostyumlardan, saç düzümü və qrimdən getdikdə heç bir detal unudulmur. Ansamblın rəhbəri fərqli, həyəcanverici proqram hazırlamalıdır. Bu proqram təkcə rəqsi deyil, həm də geyimləri nümayiş etdirməlidir.
Saina Əhmədova (Azərbaycan Dövlət Rəqs Ansamblında müəllimə): “Azərbaycanın qadın rəqslərində mürəkkəb elementlər var – sinənin hərəkəti, gözlərin vurğulanması, bunların vəhdət təşkil etməsi. Stəkanlarla rəqslərimiz də öz yerində. Bu zaman şərbətlə dolu stəkanlar ovucda tutulur. Rəqs zamanı stəkandan şərbət tökülməməlidir”.
Rüfət Xəlilzadə (Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri): “Azərbaycanın kişi rəqslərində dağın zirvəsində qanadlarını açaraq uçmağa hazırlaşan qartal təsvir edilir. Rəqqaslar bəzi rəqs elementlərini barmaqlarının ucunda yerinə yetirirlər. Bu, həqiqətən də çox çətindir. Ümumiyyətlə, Azərbaycanın kişi rəqsləri əsl yarışdır. Onlar sanki deyirlər ki, “mən səndən daha hündürə tullanacağam, ən çətin elementləri daha tez yerinə yetirəcəyəm”. Bu yarış özü-özlüyündə kişiliyin, cəsurluğun rəmzidir. Biz bunu rəqslərimizdə yaşadırıq”.
(İngilis dilindən tərcümə - WorldMedia.Az)