20.05.2022 12:08
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
Ermənistanla Azərbaycan qarşılıqlı itki veriblər

 
 



Kommersant, Rusiya
13.01.2022


Müəlliflər: Kirill Krivoşeyev; Arşaluys Mqdesyan

Ermənistan-Azərbaycan sərhədində yenə insanlar həlak olur. Əvvəlcə çərşənbə axşamı Bakı öz hərbçisinin həlak olduğunu bəyan edib, sonra isə çərşənbə gününə keçən gecə Yerevan pulemyot atəşindən üç hərbçisinin öldüyünü açıqlayıb. Tərəflər bir-birini təxribatda günahlandırır.

Çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan vəziyyəti Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib. Hərçənd, birinci plana başqa mövzu – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstandakı sülhməramlı əməliyyatı çıxıb. Bu əməliyyatın baş tutmasında KTMT-yə sədrlik edən Paşinyanın xidmətləri böyükdür.

Ermənistan-Azərbaycan sərhədində isə ən azı dörd nəfər həlak olub: bir azərbaycanlı və üç erməni. İtkilər barədə ilk xəbər verən Bakı olub. “Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Erməni tərəfi isə öz növbəsində, yaralananlar barədə xəbər verib və bildirib ki, qarşıdurmada Azərbaycan artilleriya və pilotsuz uçuş aparatlarından istifadə edir.

Gecəyə yaxın eyni istiqamətdə, yəni Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə, Ermənistanın Vardenis (Basarkeçər-WM) rayonunun Yuxarı Şorca kəndi yaxınlığında daha ciddi atışma baş verib. Daha bir atışma isə şimal tərəfdə, Ermənistanın Tavuş və Azərbaycanın Tovuz rayonları arasında qeydə alınıb.

“Azərbaycan Silahlı Qüvvələri tərəfindən artilleriya və pilotsuz uçuş aparatlarının istifadəsilə atəşkəs rejiminin kobud şəkildə pozulmasını qətiyyətlə pisləyirik. Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, gələcəkdə gərginliyin qarşısının alınması yollarından biri hər iki tərəfdən qoşunların sərhəddən çəkilməsi və sərhəd boyu beynəlxalq müşahidə mexanizminin tətbiqi ola bilər”, - deyə Ermənistanın Xarici İşlər Nazirliyindən bildiriblər.

Azərbaycanın Müdafiə Nazirliyindən əmin edirlər ki, ilk atəş açan erməni tərəfi olub. “Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır”, - deyə nazirliyin bəyanatında vurğulanır.

Yanvarın 12-si axşam yerli telekanallara müsahibəsində vəziyyəti Azərbaycan Prezidenti İlham Əliyev də şəhr edib. “Dünən Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat törədilib. Heç bir əsası olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürülüb”, - deyə o, bildirib. Dövlət başçısı əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələri qətiyyətli cavab tədbirləri görüb və “düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb”.

Baş verənlər fonunda diplomatlarını yanvarın 14-də erməni həmkarları ilə görüşə hazırlayan və bununla da Ermənistanla ikitərəfli münasibətləri bərpa etməyə cəhd göstərən Türkiyə də müttəfiqini dəstəkləməyə çalışıb. Azərbaycanın müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı Hülusi Akarla telefonla danışıb. Tərəflər Kəlbəcər rayonunda yaranmış vəziyyəti müzakirə edib. “Cənab H.Akar Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib”, - deyə nazirliyin məlumatında bildirilir.

“Kommersant”ın Uerevan və Bakıda rəyini soruşduğu ekspertlər isə gərginliyin Qazaxıstandakı böhranın fonunda baş verdiyinə diqqət yönəldirlər. Xatırladaq ki, bu böhranın nizamlanmasında hazırda Ermənistanın sədrlik etdiyi KTMT-nin sülhməramlı missiyası iştirak edir.

“Bu (Kəlbəcərdə baş verənlər-WM), KTMT-nin Qazaxıstandakı əməliyyatına Türkiyənin cavabıdır. Azərbaycanla Türkiyə bu əməliyyata və Ermənistanın onda iştirakına qara yaxmağa, Ermənistan-Qazaxıstan münasibətlərini ləkələməyə hesablanmış təbliğat kampaniyası açıblar”, - deyə erməni politoloq Qrant Mikaelyan öz fərziyyəsini irəli sürüb.

Qeyd edək ki, KTMT qüvvələrinin Qazaxıstana yeridilməsi doğrudan da Türkiyə və Azərbaycan mətbuatında fəal şəkildə pislənsədə, rəsmi səviyyədə heç bir narazılıq ifadə olunmayıb.

Bakıdakı həmsöhbətimiz, politoloq İlqar Vəlizadə də baş verənləri Qazaxıstan hadisələri ilə əlaqələndirib, lakin öz prizmasından. O deyir ki, atışmanı Ermənistan başlayıb. “Mənə elə gəlir ki, Qazaxıstan hadisələri fonunda Ermənistan KTMT-yə müraciəti aktuallaşdırmağa çalışır. KTMT-nin sülhməramlı qüvvələri ilk dəfədir ki, özünü göstərir. Elə isə nə üçün onlardan Ermənistan istiqamətində, yəni Azərbaycanla sərhəddə istifadə olunmasın? İndi Ermənistanın baş naziri KTMT Şurasının sədridir və Qazaxıstana hərbi kontingentin göndərilməsi haqda danışıqlarda ən fəal iştirakı məhz o edib. Görünür, Paşinyan hesab edir ki, burada “borclu borclunun sağlığın istər” prinsipini rəhbər tutmaq olar”, - deyə azərbaycanlı politoloq bildirib.

Qeyd edək ki, çərşənbə günü Nikol Paşinyan doğrudan da Rusiya prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ məsələsin müzakirə edib. Lakin Kremlin mətbuat xidməti buna ikinci mövzu kimi toxunub. Əsas fikir mübadiləsi “KTMT-nin Qazaxıstandakı sülhməramlı əməliyyatının gedişi haqda “ olub.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Kommersant

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2022, WorldMedia.az