20.05.2022 11:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
Azərbaycan ötən ildə

 
 



IRNA, İran
16.01.2022


2021-ci il Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi nailiyyətləri qorumaq və davam etdirmək səyləri ilə yadda qalıb. Məlum olduğu kimi, həmin müharibə Azərbaycan ərazilərini Ermənistan silahlı qüvvələrinin işğalından azad etməsi ilə nəticələnib.

Ötən il ərzində Azərbaycanın bu səyləri özünü istər diplomatiyada, istərsə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpası işlərində göstərib. Nəzərə alsaq ki, Azərbaycan neft-qaz ölkəsidir, ötən il dünya bazarında neft və qazın qiymətinin yüksək olması Bakıya işğaldan azad edilmiş ərazilərdə ciddi infrastruktur layihələri həyata keçirməsinə kömək edib.

Azərbaycan-Ermənistan danışıqları

Ötən il Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında Qarabağ müharibəsinin başa çatmasına dair 2020-ci il noyabrın 10-da əldə edilmiş razılaşmanın icra vəziyyətinin müzakirəsi məqsədi ilə 2 görüş olub. Tərəflər 2021-ci ilin əvvəlində Moskvada, ilin sonuna yaxın isə Soçidə görüşüb. Danışıqlar zamanı Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası, eləcə də regionda kommunikasiyaların açılması üşün üçtərəfli işçi qrupunun yaradılması haqqında razılıq əldə olunub. Daha sonra Moskvada üç ölkənin baş nazir müavinləri səviyyəsində yaradılmış işçi qrupun bir neçə görüşü də keçirilib.

Azərbaycan tərəfi üçtərəfli görüşlərin, o cümlədən Soçi danışıqlarının nəticələrini müsbət qiymətləndirib. Soçidə imzalanmış üçtərəfli bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılmasına, o cümlədən dəmir yolu və avtomobil yollarının açılmasına yönəlmiş layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin zəruriliyi qeyd olunub.

Ümumiyyətlə, Bakı postmünaqişə dövründə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli sənədlərin tam şəkildə həyata keçirilməsini, regionda bütün kommunikasiyaların açılmasını, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsini, beynəlxalq hüquq normalarına uyğun olaraq münasibətlərin normallaşdırılmasını vacib sayır.

Qeyd edək ki, regionda kommunikasiyaları açılması, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası kimi məsələlər Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşündə də əsas mövzulardan olub.

Bakı xüsusilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvanı Ermənistan vasitəsi ilə birləşdirəcək Zəngəzur dəhlizi də daxil olmaqla, regionda bütün kommunikasiyaların açılmalı olduğunu bildirir. Ötən il keçirilmiş görüşlərdə bu haqda geniş müzakirələr aparılsa da, razılaşmalar əldə olunsa da, hələ də ciddi praktik addımlar atılmayıb. Bununla belə, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bir sıra infrastruktur layihələrinin icrasına start verib və onları gələcək kommunikasiya marşrutlarının tərkib hissəsi kimi xarakterizə edir.

Yeri gəlmişkən, ötən il Azərbaycanla Ermənistan arasında sərhəd mübahisələri silahlı toqquşmalara da yol açıb və nəticədə hər iki tərəf itki verib.

Bundan başqa, müharibənin başa çatmasından, işğal olunmuş ərazilərin azad edilməsindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, son 30 ildə bu bölgədə bütün yaşayış, təsərrüfat və infrastruktur obyektləri tamamilə dağıdıldığı üçün azərbaycanlı məcburi köçkünlər hələ də öz yurdlarına qayıda bilməyiblər.

Qarabağın bərpası

Azərbaycan Qarabağda müharibə başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına başlayıb. Bu işə xarici şirkətlər də dəvət olunub. Azərbaycan Prezidenti İlham Əliyev Bakıya dost ölkələrin şirkətlərini Qarabağın yenidən qurulmasında, regionda həyata keçirilən müxtəlif iqtisadi layihələrdə fəal iştiraka dəfələrlə dəvət edib. Bu mənada, Azərbaycan və İran rəsmiləri arasında da müzakirələr aparılıb, İran şirkətlərinin Qarabağın bərpası prosesində iştirakı üçün atılmalı olan addımlar nəzərdən keçirilib.

Hazırda bölgədə bir sıra infrastruktur layihəsi həyata keçirilir, o cümlədən Şuşa şəhərində, Füzuli, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında yeni yollar çəkilir, elektrik və su təchizatı işi aparılır. Azərbaycan hökuməti xarici şirkətlərin də iştirakı ilə Qarabağda üç beynəlxalq hava limanı açmağı planlaşdırır. Ötən il onlardan biri – Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya tikilərək istismara verilib. Aeroportun açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri iştirak ediblər.

2021-ci ildə Azərbaycan Prezidentinin iştirakı ilə daha iki rayonda – İranla həmsərhəd Zəngilanda və Laçında hava limanlarının təməlqoyma mərasimi keçirilib. Yaxın iki ildə bu hava lomanlarının da istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması bu ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə paralel həyata keçirilir. Ermənistan silahlı qüvvələri son 30 ildə Qarabağın əksər yaşayış və qeyri-yaşayış sahələrini minalayıb. İndi bu minalar Azərbaycanın yenidənqurma işlərinə əsas maneələrdən biridir. Qarabağda müharibənin başa çatmasından bu yana azad edilmiş ərazilərdə mina partlaması nəticəsində Azərbaycanın 150-dən çox hərbiçisi və mülki vətəndaşı həlak olub və ya ağır yaralanıb. Bununla yanaşı, ötən il Azərbaycan saxladığı erməni hərçiləri bir neçə mərhələdə Yerevana təhvil verərək, qarşılığında bəzi minalı ərazilərin xəritələrini ədə edib.

Hazırda Rusiya və Türkiyə hərbçilərinin də iştirakı ilə Qarabağda minatəmizləmə işi davam edir. Yeri gəlmişkən, İran bu işdə Azərbaycana yardım göstərməyə hazır olduğunu bəyan edib.

Qarabağda Rusiya sülhməramlıları

Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyannamənin müddəalarından biri də atəşkəs rejiminə nəzarət etmək üçün bölgəyə 5 il müddətinə Rusiya sülhməramlılarının yerləşdirilməsini nəzərdə tutur. Bu müddət başa çatdıqdan sonra sənədi imzalamış tərəflərdən heç biri etiraz etməzsə, sülhməramlılar daha 5 il müttədinə bölgədə qalacaq. Onlar regiona savaş bitdikdən dərhal sonra daxil olub. Hazırda Qarabağın bəzi hissələri, o cümlədən Xankəndi və Laçın dəhlizi sülhməramlıların nəzarətindədir.

Qeyd edək ki, Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi Azərbaycan cəmiyyəti üçün gözlənilməz olub və vətəndaşların müxtəlif təbəqələri bunu heç də müsbət qarşılamayıb. Azərbaycan xalqı arasında belə bir fikir var ki, 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı ermənilər Qarabağı Rusiyanın dəstəyi ilə işğal etmişdi. Bu üzdən cəmiyyətdə rusların Qarabağdakı separatçılara dəstək ola biləcəyinə dair narahatlıq var. Bəzi azərbaycanlı ekspertlərin fikrincə, Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu regiondakı ermənilərə separatçılıq cəhdlərini davam etdirmək imkanı verir.

Bununla yanaşı, Bakı bölgədə erməni separatçılığına dözmək fikrində olmadığını açıq şəkildə ifadə edir. Azərbaycan rəhbərliyi Ermənistan rəsmilərinin Xankəndiyə səfərlərinə sərt reaksiya verir, Bakı ilə razılaşdırılmadan həyata keçirilən belə səfərləri qanunsuz sayır.

Üçtərəfli bəyannaməyə görə, Rusiya sülhməramlılarının əsas vəzifələrindən biri də regionda hər hansı qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinin qarşısını almaqdır.

Azərbaycan cəmiyyətinin Rusiya sülhməramlıları ilə bağlı narahatlığına baxmayaraq, rəsmi Bakı indiyədək onların fəaliyyətinə ciddi irad bildirməyib. Lakin Ermənistandan həmin bölgələrə silahlı qrupların gəlməsi haqda məlumatlardan sonra Azərbaycan məsələyə kifayət qədər sərt reaksiya verib.

Üçtərəfli bəyannaməyə əsasən, Qarabağda atəşkəs rejiminə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də yaradılıb. 120 hərbçinin (hər ölkədən 60 nəfər) yer aldığı mərkəz ötən ilin yanvarında fəaliyyətə başlayıb. O, Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonunda yerləşir.

Minsk Qrupu fəaliyyətini bərpa etməyə çalışır

ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu 30 ilə yaxın müddətdə Qarabağ probleminin həllinə vasitəçilik etsə də, nəticə qazana bilməyib. Lakin müharibənin başa çatmasından sonra o, vasitəçilik fəaliyyətini bərpa etmək istəyir. Minsk qrupunun bu səyləri rəsmi Bakı tərəfindən isti qarşılanmır.

Görünən odur ki, Qarabağ müharibənin başa çatması, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi bölgədə Rusiyanın mövqeyini gücləndirməklə yanaşı, Qərbin regiona təsir rıçaqlarını azaldıb. Siyasi ekspertlər hesab edir ki, ABŞ və Avropa ölkələri ötən il boyunca Ermənistan vasitəsilə regiona təsir imkanlarını artırmağa çalışsalar da, buna nail ola bilməyiblər. Çünki Qərbin bu cəhdləri Azərbaycanın aşkar, Rusiyanın isə gizli müqaviməti ilə üzləşir. Bakı açıq şəkildə bildirir ki, Minsk qrupu bundan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində müəyyən dərəcədə iştirak edə bilər, lakin Qarabağ problemi artıq həll olunub və bu işdə vasitəçiliyə ehtiyac yoxdur.

Ermənistan isə Qərbin təzyiqi ilə hələ də Qarabağ ermənilərinin siyasi-hüquqi statusu məsələsini gündəmə gətirməyə çalışır.

2021-ci ildə Azərbaycan iqtisadiyyatı

Neft-qaz ölkəsi olan Azərbaycan iqtisadiyyatı daha onların ixracından əldə olunan gəlirlərdən asılıdır. Bəli, Azərbaycanda ixracın 90%-dən çoxunu neft və qaz təşkil edir. Ötən il dünyada neft və qazın qiymətinin əlverişli olması bu ölkəyə əvvəlki illərlə müqayisədə daha çox gəlir əldə etmək imkanı yaradıb. Bu da öz növbəsində, iqtisadiyyatın digər sahələrinin də inkişafına şərait yaradıb.

Ötən il Azərbaycan Dövlət Neft Fondunun təkcə Xəzər dənizindəki “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənməsindən əldə etdiyi gəlir 5.272 milyard dollar olub. Bu, bir il əvvəl ilə müqayisədə 58% çoxdur. Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2001-ci ildən indiyədək “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənməsi layihəsindən 154.677 milyard dollar gəlir götürüb. Bu, 10 milyon əhalisi olan ölkə üçün əhəmiyyətli rəqəmdir.

Ötən ilin Azərbaycan Xəzər dənizindəki “Şahdəniz” yatağından hasil edilən təbii qazın “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya ixracına da başlayıb. Beləliklə, İtaliya, Yunanıstan və Bolqarıstan ilk dəfə olaraq Azərbaycan qazı almağa başlayıblar.

Azərbaycanın Xəzər dənizindəki ən böyük qaz yataqlarından sayılan “Şahdəniz” yatağının işlənməsi üzrə podratçısı Britaniyanın BP  şirkətidir. İran Milli Neft Şirkəti isə bu layihədə 10%-lik paya sahibdir.

Azərbaycan yaxın 25 ildə Avropaya hər il 10 milyard kubmetr təbii qaz ixrac etməyi planlaşdırır. Onun 8 milyardı İtaliya, qalan 2 milyardı isə Yunanıstanla Bolqarıstana nəql olunacaq. Ümumilikdə isə “Cənub Qaz Dəhlizi” ilə Azərbaycanın “Şahdəniz” yatağından hər il ümumilikdə 16 milyard kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Onun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Türkiyə 2018-ci ildən Azərbaycandan ildə 6 milyard kubmetr təbii qaz idxal edir.

Ötən il Azərbaycan dənizdə və quruda yerləşən yataqlarından ümumilikdə 32 milyon tondan çox neft hasil edib. Onun 25,7 milyon tonu dünya bazarlarına çıxarılıb.

2021-ci ildə Azərbaycanın hasil etdiyi təbii qazın həcmi isə 40 milyard kubmetrdən çox olub. Onun 17 milyard kubmetrdən çoxu ixrac edilib. Azərbaycan Xəzər dənizindəki qaz yataqlarında 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatının olduğunu bildirir.

2021-ci ildə Azərbaycan Türkmənistanla “Dostluq” yatağının birgə işlənməsi haqqında da saziş imzalayıb. Sənədin imzalanması ilə Bakı ilə Aşqabad arasında bu yatağının kimə məxsus olduğuna dair uzun illər davam etmiş mübahisəyə son qoyulub.

2021-ci ildə Azərbaycan-İran münasibətləri

Azərbaycan İranda İbrahim Rəisinin başçılıq etdiyi 13-cü hökumətin qurulması ilə Tehranla bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Bununla əlaqədar olaraq, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti İranın yeni prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasiminə qatılıb. Spiker İran rəsmiləri ilə görüşündə Bakının iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu təsdiqləyib.

Doğrudur, ötən il iki qonşu dövlətin münasibətlərində müəyyən anlaşılmazlıqlar da olub. Lakin bu arzuolunmaz hal uzun sürməyib. Azərbaycan və İran rəhbərliyinin iradəsi ilə o, qısa zamanda aradan qaldırılıb. O vaxtdan iki ölkənin XİN başçıları Hüseyn Əmir-Abdullahian ilə Ceyhun Bayramov arasında beynəlxalq tədbirlər çərçivəsində bir neçə təkbətək görüş keçirilib, eləcə də onlar bir neçə dəfə telefon danışığı aparıblar. Nəticədə Bakı ilə Tehran bir sıra məsələlərdə mövqelərini koordinasiya edə bilib.

Bu səylərin məntiqi nəticəsi kimi, Aşqabadda İran və Azərbaycan prezidentləri İbrahim Rəisi ilə İlham Əliyev arasında görüş olub. Onlar İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısı çərçivəsində bir araya gəliblər. Ekspertlərin fikrincə, bu, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişafında dönüş nöqtəsi və yeni mərhələnin başlanğıcı olub.

“Bizim Azərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyil. O, qəlblərin əlaqəsidir, iki xalqın qəlbi birlikdə döyünür. Bizim müştərək tariximiz var. Bütün bunlar bizi daha sıx birləşdirir. Biz heç vaxt başqalarının münasibətlərimizə qarışmasına imkan verməməli, qarşıya çıxan problemləri özümüz həll etməli, əlaqələri inkişaf etdirmək və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün birlikdə çalışmalıyıq. Təcrübə göstərir ki, öz problemlərimizi özümüz müzakirə ediriksə, onların çoxunu həll edə, qarşıya çıxan maneələri aradan qaldıra bilirik”, - deyə o zaman İran prezidenti bildirmişdi.

Rəisi Tehranın Qarabağ problemi ilə bağlı mövqeyini də dilə gətirərək deyib ki, İranın bu məsələdə mövqeyi aydın və birmənalıdır. İslam İnqilabının ali rəhbərindən tutmuş, İranın bütün dövlət strukturlarının rəsmilərinədək ümumi mövqe ondan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü pozulmamalıdır.

Görüşdən Azərbaycan Prezidenti İlham Əliyev də məmnunluğunu ifadə etmişdi: “Əminəm ki, bu görüş İran-Azərbaycan əlaqələrinin inkişafına təkan verəcək. “Biz İran İslam Respublikası ilə əlaqələrə böyük əhəmiyyət veririk. Xalqlarımız qardaş xalqlardır. Biz əsrlər boyu bir yerdə yaşamışıq. Əlaqələrimiz çox genişdir. Xalqımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu, çox yaxşı zəmindir. Biz ikitərəfli münasibətlərin müasir tarixini bunun əsasında yazırıq”.

Həmin vaxt prezidentinin iştirakı ilə Türkmənistan təbii qazının İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına nəqlinə dair sənəd də imzalanıb.

İran-Azərbaycan münasibətlərində ötən ilin mühüm hadisələrindən biri də İranın xarici işlər nazirinin dekabrın 22-də Bakıya etdiyi səfərdir. Naziri Bakıda Prezident İlham Əliyev də qəbul edib, bu səfərin iki ölkənin yeni il üçün birgə fəaliyyət planını nəzərdən keçirməsi baxımından mühüm səfər adlandırıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə ötən ilin siyasi yekunlarına dair bu yaxınlarda keçirdiyi mətbuat konfransında Azərbaycan-İran münasibətlərində yaranmış gərginliyin arxada qaldığını söyləyib. O, bildirib ki, İran xarici işlər nazirinin Bakıya səfəri zamanı tərəflər arasında ən azı altı ayda bir dəfə siyasi məsləhətləşmələrin keçirilməsi, eləcə də iki ölkənin Xarici İşlər Nazirliyinin sözçüləri arasında əlaqənin yaradılması razılaşdırılıb.

Bayramovun sözlərinə görə, Hüseyn Əmir Abdullahianın Bakıya səfəri zamanı iki ölkənin birgə iqtisadi layihələri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmin layihələrin bəziləri hazırda həyata keçirilir və tərəflər onların icrasının sürətləndirilməsi barədə razılığa gəlib.

Azərbaycanın xarici işlər naziri yaxın vaxtlarda İran və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının keçiriləcəyini və bunun hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqaətə çatdırıb.

Ötən il həmçinin Azərbaycan, İran və Gürcüstan arasında üçtərəfli əməkdaşlığın gündəliyinə yeni nəqliyyat dəhlizinin açılması məsələsi salınıb. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib ki, İran, Azərbaycan və Gürcüstan yeni nəqliyyat dəhlizini istismara verməyə hazırlaşırlar.

Koronavirus pandemiyası ilə mübarizə

Keçən il Azərbaycan hökuməti vətəndaşların koronovirusa qarşı peyvənd edilməsi planını vaxtında və kifayət qədər miqyaslı icara edə bilib. Nəticədə ölkədə karantin rejimi ilə bağlı bir çox məhdudiyyət ləğv edilib. Azərbaycanda vətəndaşların kütləvi şəkildə peyvəndlənməsi nəticəsində virusa yoluxma halları xeyli azalıb.

Rəsmi məlumata görə, əhalisi 10 milyon nəfərdən çox olan ölkədə 5171 milyon nəfər peyvəndin birinci dozasını, 4680 milyon nəfər ikinci dozasını, 1521 milyondan çox insan isə 3-cü dozasını qəbul edib.

Azərbaycanda indiyədək 618918 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb, 8409 vətəndaş bu virusdan dünyasını dəyişib.

Hökumət bir çox məhdudiyyəti aradan qaldırsa da, qapalı yerlərdə maskadan istifadə hələ də məcburidir. Bundan başqa, vətəndaşlar qapalı ictimai yerlərə, o cümlədən restoranlara, istirahət, mədəniyyət və təhsil mərkəzlərinə yalnız iki doza peyvənd olunduqdan sonra buraxılır.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2022, WorldMedia.az