Müəllif: Vasif Hüseynov
Bu il Azərbaycanın Şuşa şəhərinin təməlinin qoyulmasından 270 il ötür. Şəhərin əsası Qarabağ xanı Pənahəli xanın göstərişi ilə qoyulub. O, düşmənlərin hücumlarını dəf etmək üçün Şuşanın qala-şəhər olmasını istəyirmiş. Şəhər üçün coğrafi baxımdan məhz bu ərazi o səbəbdən seçilib.
Dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən Şuşa sıldırım qayalarla əhatə olunub. Bu, onu düşmən üçün əlçatmaz edir.
Yarandığı ilk illərdən 1992-ci ilə qədər Şuşa davamlı olaraq çiçəklənib və regionun mədəniyyət paytaxtına çevrilib. “Qafqazın konservatoriyası” adlandırılan şəhər bir çox məşhur incəsənət xadiminin – rəssamların, musiqiçilərin, şairlərin vətənidir. Məsələn, Azərbaycan klassik musiqisinin və opera sənətinin banisi, islam aləmində ilk opera bəstəkarı Üzeyir Hacıbəyli məhz Şuşada anadan olub, burada boya-başa çatıb.
Bundan başqa, şəhər Azərbaycanın məşhur tenoru Bülbülün, XIX əsrdə yaşamış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın doğulduqları yerdir. XVIII əsr Azərbaycan şairi, ölkə poeziyasında realizm cərəyanının əsasını qoymuş Molla Pənah Vaqif də Şuşada doğulub, ömrünü orada yaşayıb.
Şuşa şəhəri Azərbaycan mədəniyyətinə XX əsrdə də töhfələr verib. Məsələn, məşhur dirijor Niyazi, tanınmış xanəndə Xan Şuşinski dünyaya məhz bu şəhərdə göz açıblar.
Şuşa Azərbaycanın xalçaçılıq sənətinin də mərkəzlərindən olub. XIX əsrin ikinci yarısında burada istehsal edilən yerli xalçalar dünya bazarlarına çıxarılıb. 1867-ci ildə Şuşa xalçaçıları Parisdə keçirilən beynəlxalq sərgidə iştirak edərək mükafatlar qazanıblar.
Şuşada 549 qədim bina, ümumi uzunluğu 1203 metr olan daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları olub. Şəhərdə tarix boyu əsasən azərbaycanlılar məskunlaşıblar. 1989-cu şəhərin 20 min 579 nəfər əhalisinin yalnız 1377 nəfəri erməni olub.
Şuşa 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı genişmiqyaslı müharibə zamanı, dəqiq desək, 1992-ci il mayın 8-də ermənilər tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində 480 dinc sakin həyatını itirib, 600 nəfər yaralanıb, 22 min nəfər məcburi köçkünə çevrilib. Ermənilər tərəfindən girov götürülmüş 68 nəfərin taleyi barədə hələ də məlumat yoxdur.
Şəhərin işğal edilməsi onun çiçəklənməsinə son qoyub. Üstəlik, işğal nəticəsində şəhərdə amansız mədəni soyqırım həyata keçirilib. Bununla ermənilər Şuşadan azərbaycanlıların izini silməyə çalışıb. Onlar şəhərin dəyərli mədəniyyət nümunələri ya məhv edib, ya da özünküləşdirmək istəyiblər. Rəsmi hesablamalara əsasən, 44 günlük İkinci Qarabağ müharibəsinə qədər davam etmiş işğal dövründə şəhərin 279 dini, tarixi və mədəniyyət abidəsi dağıdılıb.
Ermənistan Şuşanın erməni mədəniyyəti və tarixinin bir parçası olduğunu israrla iddia etsə də, işğal dövründə şəhərin bərpasına demək olar ki, heç bir vəsait xərcləməyib. Tanınmış britaniyalı ekspert Tomas de Vaal Şuşaya 2000-ci illərin əvvəllərində etdiyi səfərdən sonra deyirdi ki, ermənilər bu şəhərə sərmayə qoymayıb, çünki ona yaşayış yeri kimi deyil, talan, müharibə qəniməti və ya ibadət yeri kimi yanaşıblar.
Şuşa işağldan Azərbaycan Silahlı Qüvvələri tərəfindən düz 28 il sonra – 2020-ci il noyabrın 8-də həlledici həmlə nəticəsində azad edilib. Bu, şəhərin tarixində yeni səhifə açıb. Çünki Azərbaycan işğaldan azad edilmiş digər əraziləri kimi, Şuşada da yenidənqurma, geniş bərpa-quruculuq işlərinə başlayıb. 2021-ci ilin mayında isə Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu qərar şəhərin tarixi görkəmini bərpa etmək, ona əvvəlki şöhrətini qaytarmaq və Şuşanı ənənəvi zəngin mədəni həyatına qovuşdurmaq, həmçinin çoxəsrlik zəngin mədəniyyət incisi kimi beynəlxalq aləmdə təbliğ etmək məqsədilə verilib.
Yeri gəlmişkən, şəhərin bütün türk dünyası üçün tarixi-mədəni əhəmiyyətini qeyd edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” adına namizədliyini irəli sürüb. Qeyd edək ki, bu təşkilat türk dünyasının UNESCO-su kimi tanınır.
Şuşa işğaldan azad edildikdən dərhal sonra Azərbaycan oraya uzunluğu yüz kilometrdən çox olan yeni yolun çəkilməsinə başlayıb. Yol 1 ildən də az müddətdə hazır olub.
Şuşanın yaxınlığında yerləşən, Qarabağın azad edilmiş rayonlarından olan Füzulidə isə artıq beynəlxalq hava limanı da istifadəyə verilib. Məqsəd xarici ölkələrdən regiona çıxışı asanlaşdırmaq və nəticə etibarı ilə bölgənin turizm potensialını genişləndirməkdir.
Azərbaycan 2021-ci ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına 2,2 milyard manat (1,1 milyard avro) ayırıb. Bu vəsait, ilk növbədə, infrastrukturun (işıq, qaz, su, rabitə, yol, təhsil, səhiyyə və s.), həmçinin mədəni və tarixi abidələrin bərpasına yönəldilib. Eyni məqsədlə 2022-ci ilin dövlət büdcəsindən də eyni həcmdə vəsait ayrılıb.
Bununla yanaşı, Azərbaycan işğaldan əvvəl 700 mindən çox azərbaycanlının məskunlaşdığı regionun yenidən qurulmasına beynəlxalq investisiyalar da cəlb etmək niyyətindədir. Bu, bölgənin sürətli reabilitasiyası və minlərlə insanın 30 illik məcburi köçkün həyatından sonra geri qayıtması üçün lazımi yaşayış şəraitin yaradılması baxımından vacibdir.
2022-ci ili “Şuşa İli” elan etmiş Azərbaycan bununla, həm də qarşıdan gələn il üçün prioritetlərini ortaya qoyub: Azərbaycan xalqı dağıdılmış şəhər və kəndləri bərpa etmək, işğaldan azad edilmiş ərazilərə həyat qaytarmaq əzmindədir. Bu xalq Şuşanı yenidən Qafqazın mədəniyyət mərkəzinə çevirməyə qadirdir.
(İngilis dilindən tərcümə - WorldMedia.Az)