28.11.2022 06:51
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
Qarabağın bərpası: 2021-ci ilin nəticələri

 
 



Moderndiplomacy, Aİ
19.01.2022


Müəllif: Orxan Bağırov

Azərbaycanın işğaldan azad etdiyi Qarabağ bölgəsində bərpa işləri 2021-ci ildə fəal mərhələyə keçib. Ötən il regionda bir neçə layihə həyata keçirilib, bir çox layihəninsə təməli qoyulub. Bərpa işlərinə Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra start verilib. Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında 44 gün davam etmiş müharibə məhz həmin sənədin imzalanması ilə başa çatıb. Nəticədə Azərbaycan 1990-cı illərin əvvəllərindən Ermənistanın işğalı altında olan ərazilərini geri qaytarıb.

30 illik işğal dövründə Ermənistan Qarabağı dəhşətli dağıntılara və talanlara məruz qoyub. Nəticədə yaşayış binaları, məktəblər və xəstəxanalar daxil olmaqla, regionun sosial infrastrukturu məhv edilib. İşğal dövründə bu ərazilərin böyük hissəsində yaşayış olmayıb.

Dağıntıların miqyası bölgənin bərpasını çətin və zaman alacaq prosesə çevirsə də, Bakı azad edilmiş ərazilərin yenidən qurulmasına dərhal start verib. Hökumət bu məqsədlə sosial-iqtisadi plan hazırlayıb, bu planın həyata keçirilməsi üçün Əlaqələndirmə Qərargahı və müxtəlif istiqamətlərlə bağlı 17 işçi qrup yaradılıb. 2021-ci ilin dövlət büdcəsindən bərpa işlərinə 2,2 milyard dollar vəsait ayrılıb, 2022-ci ildə də eyni həcmdə vəsaitin ayrılması planlaşdırılır. Lazımi maliyyə vəsaitinin ayrılması və dövlət orqanlarının effektli fəaliyyəti nəticəsində 2021-ci ildə bərpa işləri sürətlə həyata keçirilib.

Regiondakı ən mühüm layihələrdən biri məhz 2021-ci ildə reallaşdırılıb. Söhbət Füzuli Beynəlxalq Hava Limanından gedir. Azərbaycanın azad edilmiş Füzuli şəhərində inşa olunmuş hava limanının açılış mərasimi ötən il oktyabrın 26-da keçirilib. Bu, ölkənin azad edilmiş ərazilərdə inşa etdiyi ilk hava limanıdır. Onun tikintisi cəmi 8 aya başa çatıb. Ən yüksək beynəlxalq standartlara uyğun inşa olunmuş aeroport bütün növ təyyarələri qəbul etmək imkanına malikdir. Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Ötən il sentyabrın 5-də hava limanına ilk sınaq uçuşu həyata keçirilib – AZAL-ın “Qarabağ” adlı ən böyük sərnişin təyyarəsi beynəlxalq hava limanına enib. Yeni hava limanı coğrafi mövqeyinə görə “Qarabağın hava qapısı” adlandırılır. Füzuli Beynəlxalq Hava Limanı ilə yanaşı, 2021-ci ildə Laçın və Zəngilanda da aeroportların təməli qoyulub.   

Ötən il başqa layihələrlə də əlamətdar olub. Məsələn, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisinə 2021-ci ildə start verilib. Oktyabrın 26-da təşkil olunmuş təməlqoyma mərasimə Azərbaycan və Türkiyə liderləri də qatılıblar. 124 kilometrlik avtomobil yolu Zəngəzur dəhlizinin bir hissəsi olacaq. Xatırladaq ki, bu dəhlizin açılması yuxarıda adını çəkdiyimiz üçtərəfli bəyanatda əksini tapıb. Yeri gəlmişkən, Zəngəzur dəhlizi çox mühüm layihədir. Bu dəhliz Cənubi Qafqazla yanaşı, bir çox region üçün yeni imkanlar açacaq. Eyni zamanda o, Qarabağın bərpasını və inkişafını da sürətləndirəcək.

Bərpa işləri çərçivəsində ötən ilin ən mühüm hadisələrindən biri Zəngilan rayonunun Ağalı kəndində ilk “ağıllı kənd”in təməlinin qoyulması olub. Burada ötən ilin oktyabrında artıq 110 hektardan çox ərazidə tikinti işləri aparılırdı. Buraya 200 fərdi ekoloji ev, 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası daxildir. Üstəlik, Ağalı kəndində təxminən 600 hektar ərazidə intellektual kənd təsərrüfatı infrastrukturunun yaradılması ilə bağlı işlər aparılır.

Beləliklə, bərpa işləri ilə bağlı proqrama əsasən, azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında şəhər və kəndlərin yaradılması planlaşdırılır. Ağalı kəndindən sonra bu konsepsiya Qarabağın digər rayonlarında həyata keçiriləcək.

2021-ci ildə Füzuli ilə Şuşanı birləşdirən magistral yolun da açılışı olub. Bu yol Şuşanın azad edilməsi zamanı istifadə olunmuş ərazidən keçib. Odur ki, Azərbaycan üçün rəmzi xarakter daşıyan yol “Zəfər yolu” adlandırılır. Füzuli-Şuşa magistralı Qarabağın əsas avtomobil magistrallarından olan Əhmədbəyli-Füzuli-Şuşa yolunun bir hissəsidir. Onun uzunluğu 101,5 kilometrdir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu sayəsində paytaxt Bakıdan Şuşa şəhərinədək olan məsafə qısalaraq, təqribən 363 kilometr təşkil edəcək.

Ötən il mühüm əhəmiyyət kəsb edən daha bir nəqliyyat layihəsinin təməli qoyulub. Söhbət Horadiz-Ağbənd dəmir yolundan gedir. Hazırda onun tikintisi davam etdirilir. 100 kilometr uzunluğa malik olacaq dəmir yolu strateji əhəmiyyət kəsb edir. O, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə ölkənin eksklavı – Naxçıvan Muxtar Respublikasını birləşdirəcək.

2021-ci ildə Tərtər şəhəri ilə Suqovuşan və Talış kəndlərini birləşdirən 28 kilometrlik avtomobil magistralının da açılış mərasimi keçirilib. Bu layihənin genişləndirilməsi planlaşdırılır. Belə ki, Naftalan şəhəri ilə Talış kəndi arasında uzunluğu 22 kilometr olacaq yolun bərpası da nəzərdə tutulub.

Bölgədə digər nəqliyyat layihələri də həyata keçirilir və müxtəlif layihələrin icrası planlaşdırılır. Məsələn, Bərdə-Ağdam dəmir yolu, Füzuli-Şuşa dəmir yolu, Toğanalı-Kəlbəcər avtomobil yolu və s.

Bərpa işləri ilə bağlı proqram çərçivəsində, azad edilmiş ərazilərin transformasiyası ilə bağlı əsas strategiyalardan biri “yaşıl enerji” zonalarının yaradılması və bölgənin enerji infrastrukturunun Azərbaycanın ümumi enerji sisteminə qoşulmasıdır. Odur ki, bu istiqamətdə də geniş işlər aparılıb. Məsələn, azad edilmiş ərazilərdə 2021-ci ildə “Güləbird”, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları təmir edilərək istismara verilib. Onların ümumi gücü 20 meqavatdır.

Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda 9 rəqəmsal yarımstansiya inşa edilib. Ağdam və Cəbrayıl rayonlarında “Ağdam-1”, “Ağdam-2” və “Cəbrayıl” yarımstansiyalarının, həmçinin “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi başa çatıb.

Enerji sahəsində həyata keçirilən digər vacib layihə Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin yaradılmasıdır. Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə avtomatlaşdırma hesabına insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığı artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri məhdudlaşdırmağa imkan verir.

Beləliklə, azad edilmiş ərazilərdə enerji ilə bağlı həyata keçirilən layihələr bölgənin enerji təhlükəsizliyinin təmin edilməsinə və bu rayonların “yaşıl enerji” zonasına çevrilməsinə istiqamətlənib.

Qeyd edilənlər göstərir ki, Azərbaycan 2021-ci ildə Qarabağın bərpası istiqamətində fəal işləyib. Bu, Qarabağ regionunun iqtisadiyyatının Azərbaycan iqtisadiyyatına tam inteqrasiyasına imkan yaradacaq. Üstəlik, bu qarşıdakı illərdə Azərbaycana iqtisadi potensialından tam istifadə imkanı verəcək. Çünki azad edilmiş ərazilər kənd təsərrüfatı və enerji kimi sahələrdə böyük potensiala malikdir. Odur ki, bu, Azərbaycanın qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcək.

2021-ci ildə start verilmiş layihələrin reallaşdırılması təkcə Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməyəcək, həm də Azərbaycanı və Qarabağı regionun nəqliyyat və iqtisadi mərkəzinə çevirəcək.  

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Moderndiplomacy

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2022, WorldMedia.az