Müəllif: Prof. Dr. Kürşad Zorlu
Türkiyə ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində ilk rəsmi təmasın qurulduğu bir vaxtda prosesin daha bir həlledici amili olan Qarabağda hərəkətlilik davam edir.
Ermənistanın Türkiyə ilə münsibətlərin normallaşdırılması prosesindəki xüsusi nümayəndəsi Ruben Rubinyanın ilk görüşdən sonrakı açıqlamalarına diqqət yetirdim. “Münasibətləri ilkin şərt irəli sürmədən normallaşdırmağa hazırıq” deyir, bildirir ki, qondarma “soyqırım”ın tanınması məsələsini də ilkin şərt kimi irəli sürməyəcəklər. Bunun nə qədər səmimi olduğunu qarşıdan gələn aprel ayında görəcəyik. Amma erməni diasporunun bu məsələdə eni fikirdə olmadığı aydındır.
Bu arada, Türkiyə-Ermənistan müzakirələrinin Azərbaycanın Qarabağla bağlı təklif etdiyi yekun razılaşma və 2020-ci ilin noyabrında imzalanmış atəşkəs bəyannaməsindəki maddələrə bağlı şəkildə aparılması mümkündür…
Xüsusilə dəmir yolunun inşası, həmçinin Bakı ilə Yerevan arasında yekun sülh müqaviləsi bu mənada ən önəmli motivasiya ola bilər. Bu yol tərəflər arasında qarşılıqlı əlaqələri artırmaqla yanaşı, iqtisadi faydaları səbəbilə qarşıdurma riskini də azalda bilər. Bu mənada ən vacib məqam isə bəyannamədə də deyildiyi kimi, Naxçıvan xəttinin çəkilməsi və arxa plana atılmamasıdır.
Xatırladaq ki, 2020-ci ilin noyabrında imzalanmış atəşkəs bəyannaməsində “nəqliyyat xətlərinin açılması” maddəsi də yer alır. Sovet İttifaqı dönəmində Ermənistanla Azərbaycan arasında iki əsas dəmir yolu əlaqəsi olub. Biri Naxçıvan xətti, digəri isə şimalda – Ermənistanın İcevan rayonu ilə Azərbaycanın Qazax rayonunu birləşdirən yol.
Amma bu gün Ermənistanda Azərbaycanla dəmir yolu xəttinin açılmasına şübhə, hətta qorxu ilə yanaşanlar var! Halbuki, bu mərhələdə artıq qorxulu heç nə yoxdur. Bu cür əlaqənin qurulacağı təqdirdə region iqtisadi baxımdan böyük potensiala sahib olacaq. Məsələn, Ermənistandan Avropaya yük daşımalarının başlayacağı halda Ağ dəniz marşrutu effektivlik qazanacaq. Bir də Gümrü üzərindən Qarsa bağlanacaq xətt…
Qarabağla bağlı yekun sülh müqaviləsinə qarşı çıxan və ya onun əngəlləməyə çalışan üçüncü ölkələrin ilk olaraq nəqliyyat əlaqələrinin yaradılmasına mane olmaq istəyəcəklərini indidən anlamaq lazımdır.
Ötən ay Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə keçirdikləri görüşdə dəmir yolunun tikintisi ilə bağlı razılığa gəldiklərini açıqlayıblar. Paşinyan bildirib ki, “Ermənistan bu dəmir yolu vasitəsi ilə İrana, Rusiyaya, Azərbaycana, o cümlədən Naxçıvana çıxış əldə edəcək. Bununla yanaşı, Türkiyə ilə dialoqa başlanılarsa, sərhədlərin açılmasına nail ola biləriksə, bu layihənin önəmi daha da artacaq. Gümrü ilə Qars arasında da dəmir yolu var. Dəmir yolu xəttinin inşasına başlamalıyıq”.
Bu günlərdə Ermənistan hökumətinin rəsmi internet səhifəsində Paşinyanın bununla bağlı işçi qrup yaratdığı haqda xəbər yer alıb. 10 nəfərdən ibarət qrupa Ermənistanın İrandakı sabiq səfiri, hazırda baş nazin məsləhətçisi olan Artaşes Tumanyan rəhbərlik edəcək. Hələlik tenderin keçiriləcəyi tarix və s. kimi konkret məlumatlar yoxdur. Bununla yanaşı, baş nazirin köməkçisi Mqer Qriqoryan bildirib ki, “Meğri ərazisində 45 kilometrlik dəmir yolunun inşasına təxminən 200 milyon dollar xərclənəcək və onun tikintisi təxminən 3 il çəkəcək”.
Azərbaycan isə bu xəttin öz ərazisinə düşən hissəsinin inşası istiqamətində işlərə aylar əvvəl başlayıb. O, bu işi 2023-cü ilin əvvəllərində başa çatdırmağı düşünür.
Doğrudur, Ermənistan hər imkanda bildirir ki, hər ölkə dəmir yolunun öz ərazisindən keçən hissəsinə özü nəzarət edəcək. Amma nəqliyyat xətlərinin çəkilişi ilə bağlı iradə və ya dialoq imkanlarının qorunub saxlanması baxımında, sadalanan addımlar önəmlidir…
(Türk dilindən tərcümə - WorldMedia.Az)