Müəllif: Zubeda Ancum Niazi
Azərbaycan xalqı 20 yanvar tarixini heç vaxt unutmayacaq. Bu gün onlar üçün təkcə faciə deyil, həm də azərbaycanlıların sarsılmaz müstəqillik və azadlıq iradəsinin rəmzidir. Yanvar faciəsinin səbəblərinə gəlincə, bu, ermənilərin Azərbaycana qarşı ərazi iddialarından tutmuş, tarixin dərinliklərinə qədər uzanır...
Hər şey azərbaycanlıların SSRİ-nin rəhbəri Mixail Qorbaçovun yürütdüyü siyasətə etiraz olaraq nümayişlərə çıxması ilə başlayıb. Erməni millətçiləri Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsini tələb edirdilər. Erməni akademiklər və rəsmilər Azərbaycanın Qarabağ regionuna hələ 1987-ci ildə iddialar irəli sürür, bu istiqamətdə ciddi təbliğat aparırdılar. Başqa sözlə, ermənilər Sovet İttifaqının sonuncu rəhbəri Mixail Qorbaçovun yenidənqurma siyasətindən istifadə edərək, Azərbaycana qarşı məkrli planlarını həyata keçirməyə çalışırdılar. Nəhayıt, 1988-ci ildə Sovet rəhbərliyi ermənilərin planlarını diplomatik yolla həyata keçirməyə cəhdlərə başlamışdı. Amma bu, alınmadı. Çünki milyonlarla azərbaycanlı Ermənistanın təcavüzünə və qədim Azərbaycan ərazi olan Qarabağ regionunda iğtişaşları alovlandıran separatçı qüvvələrə etiraz olaraq küçələrə çıxdı...
Beləliklə, Azərbaycan xalqı hüquqlarını və vətəni müdafiə etmək üçün meydan hərəkatına başlayıb. Mərkəzi hökumət bu milli hərəkatı yatırmaq yolunu Azərbaycana ordu göndərməkdə görüb. Amma nəticə gözlənildiyi kimi olmayıb. Azərbaycanlılar ölkənin ərazi bütövlüyünü qorumaq əzmində idilər və geri çəkilmək fikrində deyildilər. Həmin dövrdə azərbaycanlılar azadlıq uğrunda sonadək mübarizə aparmaq əzmini nümayiş etdirirdilər. SSRİ rəhbərliyinin bu etirazlara cavabı qeyri-adekvat olub – 1990-cı il yanvarın 20-nə keçən gecə Sovet qoşunları Bakıda inanılmaz vəhşiliklər törədib...
Sovet hərbi birləşmələri Bakıya quru və dəniz yolu ilə hücuma keçmişdi. Onlar burada həqiqətən də misli görünməmiş qəddarlığa, ən sərt cəza tədbirlərinə imza atıblar. Nəticədə qadın, uşaq və yaşlılar daxil olmaqla, 147 dinc sakin həyatını itirib, 744 nəfər yaralanıb, 841 azərbaycanlı qeyri-qanuni həbs edilib. Sovet ordusunun Azərbaycan xalqına qarşı SSRİ rəhbəri Mixail Qorbaçovun göstərişi ilə həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi, bəşər tarixinə qara hərflərlə yazılıb.
20 Yanvar faciəsi zamanı ölkədə informasiya blokadası da yaranmışdı – radio və televiziyanın enerji bloku silahlı hərbçilər tərəfindən partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Məqsəd xalqı və dünyanı bu dəhşətli faciədən xəbərsiz qoymaq idi.
Xalqın ağır günlərində, daha dəqiq desək, yanvarın 21-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək çıxış etmiş, azərbaycanlılarla birgə olduğunu bildirmişdi. 20 Yanvar faciəsinə ilk siyasi qiyməti də o verib, yaşananların hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan edib. Heydər Əliyev bildirib ki, baş verənlər mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yaşanmış kobud siyasi səhvdir. Bu tarixi çıxışın mətni dünyada, həmçinin Azərbaycanda geniş yayılmış, bununla da heç yerdən köməyi olmayan azərbaycanlıların qəlbində inam və ümid işığının yanmasına səbəb olmuşdu.
1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin səbəblərinin araşdırılması, onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində də mühüm addımlar atılıb. Bundan başqa, 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixindəki yeri və rolu, onun əbədiləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülüb.
Bu gün əminliklə demək olar ki, azərbaycanlılar hərbi, mənəvi və siyasi təcavüzlə üzləşmələrinə baxmayaraq, həyatları bahasına belə, tarixi qəhrəmanlıq ənənələrini qoruya, azadlıq və müstəqillik uğrunda qəddar hücumlara müqavimət göstərə bildiklərini nümayiş etdiriblər.
(İngilis dilindən tərcümə - WorldMedia.Az)