“Heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı raket zərbələri endirdiyi Gəncə şəhərində raketin düşdüyü yerdə inşa olunacaq Gəncə Memorial Kompleksinin təməlini qoyub.
Təməlqoyma mərasimindən sonra açıqlama verən dövlət başçısı İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun Gəncəni dəfələrlə bombaladığını xatırladıb. “Bilirsiniz, bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb.Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır”, - deyə İlham Əliyev bildirib.
“Biz müharibəni ləyaqətlə aparmışıq”
Azərbaycan prezidenti bildirib ki, ermənilər əslində öz yalanlarının qurbanına çevriliblər: “Ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı.Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik. Gəncə və digər şəhərlər - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq”.
“Ermənistanı diz çökdürdük, məğlub etdik”
İlham Əliyevin sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın 10 minədək əsgəri fərarilik edib. “Ermənistan görün, hansı çirkin əməllərə əl atıb bizi dayandırmaq istəyirdi. Amma Azərbaycan xalqı, hətta bu dağıntılar altından çıxan insanlar, qanın içində olan insanlar, öz yaxınlarını itirmiş insanlar da deyirdilər ki, biz ancaq qabağa getməliyik. Bizi heç kim və heç nə dayandıra bilməzdi. Biz bu günahsız insanların, şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Ermənistanı diz çökdürdük, məğlub etdik. Erməni faşizmini məğlub etdik və ədaləti bərpa etdik”, - deyə o, vurğulayıb.
Dövlət başçısı bildirib ki, təməlini atdığı Gəncə Memorial Kompleksi geniş ərazini əhatə edəcək. Onun təxminən 4 hektar ərazidə inşa olunması nəzərdə tutulur. Ərazidəki dağıdılmış binalar isə olduğu kimi qalacaq: “Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.
“Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər. Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşixislətli qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncəyə oktyabrın 4, 5, 8, 11 və 17-də “Tochka-U, “Smerch”, “SCUD” və s. ballistik raketlər atıb. Bu hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs dünyasını dəyişib, 31-i uşaq olmaqla, 142 vətəndaş yaralanıb.
(Türk dilindən tərcümə - WorldMedia.Az)