10.06.2023 02:18
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
MÜSAHİBƏ, FOTO| Azərbaycanlı nazir: “Şuşanın yenidən qurulması mədəni dirçəlişin açarıdır”

 
 



DAILY SABAH, Türkiyə
07.02.2022


Müəlliflər: İrem Yaşar, Ahmet Koçak

“Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev xalqa Qarabağ regionunun əsas şəhəri olan Şuşanın 28 illik erməni işğalından azad edilməsindən sonra, 2020-ci ildə ünvanladığı müraciətində bildirmişdi. Azərbaycan vətəndaşları Şuşanın azad edilməsini böyük sevinclə qeyd edib. Çünki bu şəhər onların milli kimliyinin rəmzidir. Lakin təxminən 30 illik işğal dövründə şəhər ermənilər tərəfindən dağıdılıb.

Qarabağın incisi kimi tanınan Şuşa Azərbaycan tarixinin və mədəniyyətinin rəmzlərindən biridir. Əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli tərəfindən qoyulmuş bu tarixi paytaxt öz təbii gözəlliyi, bulaqları, səfalı havası və çoxsaylı tarixi abidələri ilə bir zamanlar turistik məkan olub. Üstəlik, o, coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir.

Beləliklə, indi Azərbaycanın əsas hədəflərindən biri Qarabağın “döyünən ürəyi” sayılan Şuşanın bərpasıdır. Odur ki, bu məqsədlə müvafiq plan hazırlanıb. Yəqin ki, bu işdə ən böyük məsuliyyət Azərbaycanın Mədəniyyət Nazirliyinin üzərinə düşür. Odur ki, Şuşanın dirçəliş planı ilə bağlı daha çox məlumat əldə etmək üçün Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla söhbətləşmişik.

Şuşa – Azərbaycan milli kimliyinin rəmzi

Şuşanın tarixən türk və islam dünyasının mərkəzi olduğunu qeyd edən Kərimov bildirib ki, o, Azərbaycan xalqı üçün hər zaman çox mühüm şəhər olub. Azərbaycanlılar Şuşanı xalqın mədəniyyətinin, tarixinin və milli kimliyinin rəmzi sayıblar. Nazirin sözlərinə görə, Şuşanın mühüm əhəmiyyət kəsb etməsinin əsas səbəblərindən biri də Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərinin məhz burada doğulmasıdır: “Bir çox məşhur azərbaycanlı şair, yazar, musiqiçi, hətta yüksək rütbəli hərbçilər Şuşada doğulub. Odur ki, Şuşa Azərbayan vətəndaşları üçün əziz şəhərdir”. Şuşadan olan bir neçə məşhur tarixi şəxsiyyətin adını sadalayan Kərimov, ölkənin mədəni irsi haqda danışıb. Məsələn, Azərbaycanın Qarabağ xanlığının sonuncu xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan bu gözəl şəhərdə doğulmuş məşhur şairə imiş. Şuşada və ümumiyyətlə Azərbaycanda ilk dəfə ədəbi cəmiyyətlərin əsasını o, qoyub. Həmin dövrün ən məşhur ədəbi cəmiyyəti “Məclisi-üns” olub. Qarabağın görməkli yazarları, şairləri, ziyalıları burada toplaşırmış.

Şuşa Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun da vətənidir. O, böyük bəstəkar, Azərbaycan himninin müəllifidir. Anar Kərimovun sözlərinə görə, Üzeyir Hacıbəyov bəstələri zamanı həm Azərbaycanın milli musiqisi, həm də Qərb musiqisindən bəhrələnib. Bununla da bəstəkar Azərbaycanın ənənəvi xalq musiqisi olan muğamla Qərb klassik musiqisini birləşdirib və nəticədə Azərbaycan klassik musiqisi yaranıb.   

Ölkənin vokal sənətinin banisi olan Bülbül də Şuşa şəhərində doğulub. Məşhur opera müğənnisi olmuş Bülbül karyerası boyu Milanın “La Skala” və dünyanın bir çox başqa opera teatrlarında çıxış edib.

“Odur ki, Şuşanın işğalı, dağıdılması Azərbaycan vətəndaşları üçün çox ağır idi”, - deyə nazir qeyd edib: “Şuşa möhtəşəm, amma həm də faciəli tarixə malikdir. O, düz üç dəfə işğal olunub və dağıntılara məruz qalıb: birinci dəfə 19-cu əsrin ortalarında, ikinci dəfə 20-ci əsrin əvvəllərində, üçüncü dəfə isə 20-ci əsrin sonlarında. Şuşa tarixən azərbaycanlıların milli kimliyinin və mədəniyyətinin dayağı olub. Bu mənada, azərbaycanlılar üçün onun əhəmiyyəti çox böyükdür”.

Anar Kərimov bildirib ki, Şuşa şəhəri Azərbaycan Prezidenti İlham Əliyevin səyləri və Azərbaycan Ordusunun mübarizəsi nəticəsində, 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi zamanı azad edilib: “Biz qaranlıq günlərin keçmişdə qaldığına inanırıq. Artıq şəhərin yenidən qurulması və bərpası ilə bağlı mühüm missiyanın həyata keçirilməsinə başlamışıq. Bizim nazirliyin müqəddəs missiyası Şuşada 30 ilə yaxın davam etmiş işğal dönəmində yox olan mədəni ruhu dirçəltməkdir”.

“Şuşa İli”

Azərbaycan Mədəniyyət Nazirliyi müxtəlif bərpa-konservasiya işləri ilə şəhərin dirçəlişi planının reallaşdırılmasına başlayıb. Nazirlik Şuşada mədəniyyət, elm və digər sahələrdə müxtəlif tədbirlər keçirməyi də planlaşdırır. Nazirin sözlərinə görə, elə bu il Şuşada müxtəlif tədbirlər keçiriləcək. “Şəhərin mədəni ruhunun geri qaytarılması üçün burada demək olar ki, hər ay tədbirlər təşkil olunacaq”, - deyə nazir qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edilib. Nəticədə “Şuşa İli” çərçivəsində də çoxsaylı tədbirlərin təşkili nəzərdə tutulub. 2022-ci ildə Şuşa şəhərinin əsasının qoyulmasının 270-ci ildönümü tamam olur. Onun əsası birinci Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub...

Azərbaycanın mədəniyyət nazirinin sözlərinə görə, Qarabağ xanlığının ilk paytaxtı regiondakı digər şəhər – Ağdam olub. Ermənilər onu da yerlə-yeksan edib.

Dövrün Qarabağ xanı regionda coğrafi baxımdan hakim mövqedə dayanan, əlçatan olmayan yeni şəhərin tikintisinə qərar verib. Bu məqsədlə Pənahəli xan böyük yolların üzərində yerləşən ideal məkan seçib və 1752-ci ildə Şuşanın tikintisinə başlanılıb.

Nazir regionun, xüsusilə Şuşanın bərpası ilə yanaşı, orada mədəni tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini düşünür.

Anar Kərimov bildirib ki, Şuşanın dirçəliş planı iki hissədən ibarətdir. Nazir hesab edir ki, şəhərin mədəni dirçəlişini “proqram təminatı” (“software”), bərpasını isə “aparat təchizatı” (“hardware”) ilə müqayisə etmək olar. Hazırda “proqram təminatı” ilə bağlı işlər sürətlə davam edir. “Şəhərdə mədəni tədbirlərin keçirilməsinə ötən il start verilib”, - deyə nazir vurğulayıb: “Biz orada musiqi festivalları təşkil etmişik. Onlardan biri “Xarıbülbül” musiqi festivalıdır. Xarıbülbül çiçək adıdır. O, bu regionda, xüsusilə Şuşada bitən endemik bitkidir... Əgər bu çiçəyə nəzər yetirsəniz, onun bülbül formasında olduğunu görəcəksiniz. Buna görə xarıbülbül adlanır. Xarıbülbül Şuşanın və ümumiyyətlə Qarabağın rəmzinə çevirilib”.

“Xarıbülbül” musiqi festivalı uzun illər Şuşada keçirilmiş əsas mədəniyyət tədbiri olub. “Bz bu musiqi festivalını hələ Sovet dönəmində təşkil edirdik. O vaxt “Xarıbülbül” musiqi festivalı çox məşhur idi, çünki festivalda Şuşanın bir çox mədəni və folklor qrupları iştirak edirdi. Əlbəttə ki, şəhər işğal edildikdən sonra bu möhtəşəm ənənə qırılmışdı. Amma Şuşanın azad olunmasından sonra bu ənənəni də bərpa etdik”.

Xatırladaq ki, “Xarıbülbül” musiqi festivalı ötən ilin mayında keçirilib. Onun bu il də keçirilməsi planlaşdırılır. 2022-ci ildə təşkil ediləcək festivalda təkcə Azərbaycanın deyil, həm də digər türkdilli dövlətlərin folklor qruplarının iştirakı gözlənilir.

“Xarıbülbül” musiqi festivalı Şuşada keçirilən yeganə iddialı tədbir deyil. Nazirin sözlərinə görə, şəhərdə digər tədbirlər, məsələn Vaqif Poeziya Günləri də keçirilib: “Molla Pənah Vaqif Qarabağ xanlığının məşhur şairi və mütəfəkkiri olub. O, həm də Qarabağ xanının vəziri idi. Bu üzdən Şuşada Vaqifin türbəsi var. Ermənistan ordusu Şuşanın işğalı zamnı həmin türbəni də yerlə-yeksan etmişdi”. Lakin Şuşa azad olunduqdan sonra Azərbaycanın dövlət başçısı İlham Əliyevin sərəncamı ilə bu türbə də bərpa olunub: “Molla Pənah Vaqifin Muzey-Məqbərə kompleksi bərpa edildikdən sonra burada poeziya tədbirləri keçirilib. Belə tədbirlərin 2022-ci ildə də təşkil edilməsi planlaşdırılır”. Nazir qeyd edib ki, Şuşada bu il keçiriləcək tədbirlər ötənilki tədbirlərin davamı olacaq: “Lakin səylərimizi ikiqat artırmağı planlaşdırırıq”.

Şuşada bərpa işləri mühüm əhəmiyyət kəsb edir: “Bu, Şuşadakı fəaliyyətimizin başqa bir ölçüsüdür”.  

Azərbaycanlı nazir şəhərdə 3 əsas məscidin və tarixi tikilinin bərpasına başladıqlarını bildirib. Onun sözlərinə görə, şəhərdə islam irsi ilə yanaşı, xristian memarlıq tikililərinin də bərpasına önəm verilir: “Məsələn, Şuşada 2 kilsənin bərpasına start vermişik. Bu, Azərbaycanın abidələrə qarşı ayrı-seçkilik etmədiyini göstərmək üçün çox önəmlidir. Bəli, biz onları da bərpa edirik. Fərqli mədəniyyətlərə və dinlərə hörmət etdiyimizi göstərmək bizim üçün vacibdir. Biz Şuşadakı bütün mədəni irsləri milli kimliyimizin bir parçası kimi nəzərdən keçirdiyimizi göstərmək istəyirik”.

Anar Kərimov deyir ki, Azərbaycan dövləti Şuşada ən müxtəlif binaların, görməli yerlərin, müxtəlif abidələrin yenidən qurulması üzərində işləyir: “Yaxın vaxtlarda bərpa etdiyimiz məscidlərin, kilsələrin və tarixi tikililərin açılış mərasimlərini təşkil edəcəyimizə ümidliyik. Təşkil edəcəyimiz mədəni tədbirlər bir növ “proqram təminatı”dır (“software”). “Aparat təchizatı”nı (“hardware”), yəni bərpa işləri ilə bağlı layihələri o müşayiət edəcək”.

Türkiyənin dəstəyi

Azərbaycanlı nazir Şuşanın və Qarabağın azad edilməsi, yenidən qurulması və bərpası zamanı Türkiyədən və türkdilli xalqlardan inanılmaz dəstək aldıqlarını bildirib: “Torpaqlarımızın azad edildiyi 44 günlük müharibə zamanı bizə ilk növbədə Türkiyə dövləti dəstək olmuşdu. Türkiyə bu ağır günlərdə Azərbaycana həm siyasi, həm də mənəvi dəstək verib. Budan başqa, o, yenidənqurma işlərində də Azərbaycana yardım göstərir. Hazırda ölkəmizdə bir çox Türkiyə şirkəti fəaliyyət göstərir. Onlar Füzuli Beynəlxalq Hava Limanın və yolların tikintisində iştirak ediblər və edirlər. Şuşadakı yenidənqurma və bərpa işlərinə gəlincə, Türkiyə şirkətləri bu prosesə də cəlb olunub”.

Anar Kərimov ayrıca olaraq Bakı-Ankara münasibətləri haqda da danışıb: “Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Şuşa şəhərini ziyarət edib. Burada onlar Şuşa Bəyannaməsini imzalayıblar. Çox mühüm sənəd olan bu bəyannamə rəmzi olaraq Şuşada imzalanıb. O, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərini daha da gücləndirir. Bəyannamənin məhz Şuşada imzalanması çox vacib idi. Bu, bütün dünyaya mesaj idi: Azərbaycanla Türkiyə təkcə bir-birini dəstəkləyən qardaş dövlətlər deyil, həm də strateji müttəfiqlərdir. Beləliklə, bu əlaqələr iki ölkə arasındakı ənənəvi münasibətlərin çərçivəsindən çıxaraq, strateji əməkdaşlıq səviyyəsinə çatıb”.

Nazir Türkiyədən Azərbaycana daha çox qonağın səfər etməsinə çalışdıqlarını söyləyib: “Bu məqsədlə Füzuli Beynəlxalq Hava Limanını qısa müddətdə inşa etdik. Hava limanı Şuşadan cəmi 100 kilometr məsafədə yerləşir. Üstəlik, Füzulidən Şuşaya bu yaxınlarda tikintisi başa çatmış “Zəfər yolu” uzanır. Azərbaycan Silahlı Qüvvələri Şuşanı Ermənistanın işğalından azad edən zaman məhz bu istiqamətdən irəliləyib. Füzuli Beynəlxalq Hava Limanından İstanbula birbaşa uçuşların təşkilini də planlaşdırırıq”.

Qeyd edildiyi kimi, Şuşa şəhəri həm tarixi, həm də mədəni nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Bu gün onun dirçəlməsi üçün müxtəlif layihələr icra olunur. Şəhərin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması təklifi də var.

Anar Kərimovun sözlərinə görə, bu gün əsas məqsədlərdən biri də xarici qonaqların Qarabağa, o cümlədən Şuşaya cəlb olunmasıdır: “Bununla biz Şuşanın Azərbaycan üçün necə qiymətli şəhər olduğunu göstərmək istəyirik. Qeyd etdiyim kimi, Şuşa tarixən türk və islam dünyasının mərkəzi olub. O, bir çox cəhətdən unikal şəhərdir. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması təşəbbüsünü irəli sürüb. Biz bunu türkdilli dövlətlərin mədəniyyət nazirlərinin 2022-ci il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olan Türkiyənin Bursa şəhərində keçiriləcək iclasında müzakirə edəcəyik”.

Azərbaycanın mədəniyyət naziri sonda iki ölkənin kinematoqrafiya sahəsində əməkdaşlığı haqda danışıb. O, nazir təyin edildikdən sonra ilk xarici səfərini Türkiyəyə etdiyini xatırladıb. Nazir bu səfər çərçivəsində türkiyəli film prodüserləri ilə bir çox məsələləri müzakirə edib. Onun sözlərinə görə, ölkəsi Türkiyənin kinematoqrafiya sahəsində olan təcrübəsindən yararlanmaq istəyir. Nazir Azərbaycanla Türkiyənin ortaq filmlər çəkməyi planlaşdırdığını qeyd edib.

Anar Kərimov vurğulayıb ki, Azərbaycan 2023-cü ildə, yəni Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacağı il türk dünyasından seçilmiş filmlərin təqdim olunacağı festivala ev sahibliyi etmək niyyətindədir. Bu festival ilk dəfə ötən il İstanbulda keçirilib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: DAILY SABAH

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2023, WorldMedia.az