10.06.2023 00:20
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
Azərbaycan yanğın nəticəsində dağılmış Xabad sinaqoqunun bərpasına yardım göstərir

 
 



Jweekly, ABŞ
17.02.2022


Müəllif: Rayan Torok

Kaliforniyanın Almaden vadisində yerləşən Xabad Evi sinaqoqu təxminən 2 ay əvvəl baş vermiş yanğın nəticəsində tamamilə yararsız vəziyyətə düşüb. Onun bərpasına isə gözlənilməz mənbə – Azərbaycan hökuməti dəstək verir. “Konsulluğumuzun sinaqoqun bərpasına maliyyə yardımı ayırmasından məmnunam”, - deyə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev nəşrimizə bildirib: “Bu, əhalisinin əksəriyyəti müsəlman olan, müsəlmanlarla yəhudilər arasında sülhün mümkün olduğunu göstərən Azərbaycanın konfessiyalararası harmoniya və anlaşmaya dəstəklə bağlı uzun illərdir yürütdüyü siyasətlə üst-üstə düşür”.

Ağayev sinaqoqun bərpasına maliyyə yardımı ayrılacaqlarını ilk dəfə bu il yanvarın 27-də “Twitter” hesabından bəyan etmişdi. “Ötən ilin dekabrında baş vermiş yanğın nəticəsində San-Xosedəki Xabad Evi sinaqoqunun dağıldığını öyrəndim və bu, məni kədərləndirdi. Sinaqoqun təntənəli açılışını səbirsizliklə gözləyirəm”, - deyə baş konsul o zaman bildirirdi.

Nəsimi Ağayev nəşrimizə müsahibəsində bildirib ki, yanğından sosial şəbəkədə sinaqoqun dağılması ilə bağlı fotoları gördükdə xəbər tutub. Bundan sonra o, körfəz bölgəsindəki dostları ilə əlaqə saxlayıb, onlardan Xabad sinaqoqunun ravvini Mendel Vaynfeldlə əlaqə qurmasına yardım göstərmələrini xahiş edib.

M.Vaynfeld isə nəşrimizə açıqlamasında Azərbaycana bu yardıma görə minnətdar olduğunu deyib: “Bu, çox güclü mesajdır. Çünki inancımızdan və ya dini mənsubiyyətimizdən asılı olmayaraq, biz hər şeydən əvvəl, Allahın surətində yaradılmış insanlarıq və Azərbaycanın bu hədiyyəsi bu əsas inancın inanılmaz ifadəsidir”.

Ravvin Vaynfeld Xabad Evi sinaqoqunu yaratmaq məqsədilə 2020-ci ildə Nyu-Yorkdan San-Xose şəhərinə köçüb. Amma indi bu sinaqoq yanğın nəticəsində tamamilə yararsız vəziyətə düşüb. Ravvin Azərbaycan hökumətinin bu işə nə qədər maliyyə ayırdığını açıqlamayıb. Məbləği azərbaycanlı konsul da dilə gətirməyib.

Qeyd edək ki, Xabad Evi sinaqoqu 1,7 milyon dolların toplanması üçün yardım kampaniyasına start verib. Söhbət yararsız vəziyyətə düşmüş tikilinin bərpasından deyil, yeni mülkiyyətin əldə edilməsindən və təmirindən gedir. İndiyədək kampaniya çərçivəsində 640 min dollar toplanıb. Ravvin Vaynfeldin sözlərinə görə, əsas donorlar Silikon Vadisinin milyarderləri Kris Larsen ilə Lina Lamdır. Bu işə Qordon Xeyriyyə Fondu 118 min dollar, Qrinberq Ailə Fondu isə 50 min dollar vəsait ayırıb.

Xabad Evi sinaqoqu San-Xosenin cənubunda iki mərtəbəli binada fəaliyyət göstərib. O, yanğından cəmi 4 ay qabaq fəaliyyətə başlamışdı. Ötən ilin dekabrında baş vermiş yanğının səbəbi hələ də məlum deyil. Yerli rəhbərlik bunun irqi və ya nifrət zəmnində cinayət olduğunu istisna etmir. Təhlükəsizlik kameralarında yanğının baş verdiyi gün sinaqoqun girişində naməlum şəxsin olduğu görünür.

Azərbaycana gəlincə, o, XX əsrin böyük hissəsini Sovet İttifaqının tərkibində keçirib. Bu gün Azərbaycan həm də kiçik yəhudi icmasının evidir. Yəhudilərin əksəriyyəti paytaxt Bakıda yaşayır. Burada bir neçə sinaqoq və yəhudi məktəbi fəaliyyət göstərir.

Azərbaycanla İsrail arasında uzun illərdir sıx diplomatik əlaqələr var. İsrail bu ölkədəki səfirliyini 1992-ci ildə açıb. Nəsimi Ağayev xatırladır ki, bu gün dünyanın böyük hissəsi İbrahimi sazişi nəticəsində İsraillə bir neçə müsəlman ölkəsi arasında münasibətlərin yaradılmasını qeyd edir: “Amma İsraillə Azərbaycan arasında bir neçə onillikdir mövcud olan iqtisadi və strateji əlaqələrdən çox az adam xəbərdardır”.

Bu il martın 6-da iki ölkə diplomatik əlaqələrin qurulmasının 30 illiyini Los-Ancelesdə keçiriləcək tədbirdə qeyd olunacaq. Tədbirdə Nəsimi Ağayevin, İsrailin Los-Ancelesdəki baş konsulu Hilel Nyumanın, həmçinin digər rəsmi şəxslərin və ictimai xadimlərin iştirakı gözlənilir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Jweekly

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2023, WorldMedia.az