28.03.2023 22:55
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
Şərq qonşuları, yoxsa Avropanın şərq hissəsi?

 
 



Eureporter, Aİ
18.02.2022


Müəllif: Nigar Arpadarai (Azərbaycan Milli Məclisinin deputatı)

Ölkəm Azərbaycan Avropa Şurasının, ATƏT-in, Avropa İnsan Haqları Məhkəməsinin və bir çox başqa ümumavropa platformalarının üzvüdür. Əksər xəritələrdə Azərbaycan Avropanın ən şərq hissəsi kimi göstərilir.

Paytaxtımıza ilk dəfə səfər edən qonaqlar Avropa Bakısının mənzərəsinə, onun yaratdığı təəssürata təəccüblənirlər. Bəs nə üçün hələ də bizim avropalı olub-olmadığımız sual olunur?

Bu sualın dəfələrlə eşitdiyim ənənəvi cavabı belədir: bəli, siz avropalısınız, əgər Avropa dəyərlərini paylaşırsanızsa...

Fikrimcə, bu ənənəvi cavab artıq aktual deyil və əlavə araşdırma tələb edir. Açığını deyim ki, mən artıq “Avropa dəyərləri”nin hər kəs tərəfindən düz başa düşüldüyünə şübhə edirəm. Fikrimcə, Avropada sülh və sabitlik istəyiriksə, dəyərlər paylaşılmalıdır. Amma bu zaman onlar ilk növbədə bütün tərəflərlə razılaşdırılmalı, hər kəs tərəfindən qəbul edilməlidir. Dəyərlər bundan sonra real həyatda tətbiq olunmalıdır. Əslində, dəyərlər, xüsusilə də paylaşılan dəyərlər yalnız onlara davamlı olaraq riayət edildikdə reallaşır.

Azərbaycana gəlincə, ölkəmizdə bu Avropa dəyərləri bir çox hallarda tətbiq olunmur. Hamımının sahib olması vacib sayılan, lakin heç də hamıya şamil olunmayan ortaq dəyərlərdən danışdıqda, biz azərbaycanlıların ən böyük şikayəti təbii ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır. Son 30 il ərzində – 2020-ci ilin sonlarınadək “Avropa ölkəsi” Ermənistanın işğalçı qüvvələri Azərbaycanın cənub-qərbini – Dağlıq Qarabağ və ona bitişik rayonlarını işğal altında saxlayıb. Bu müddətdə bütün yerli azərbaycanlılar doğma torpaqlarından didərgin salınıb, öldürülüb və ya girov götürülüb, azərbaycanlıların doğa şəhər və kəndləri talan edilib, qənimət kimi daşınıb-aparılıb, yaxud tikinti materialı kimi satılıb. Üstəlik, bu ərazilərdə azərbaycanlıların yaşadığını əks etdirən bütün əlamətlər məhv edilib. Başqa sözlə, etnik təmizləmə hesab etdiyimiz aktlarla yanaşı, işğal müddətində azərbaycanlıların regiondakı iqtisadi və mədəni irsi tamamilə yerlə-yeksan olunub.

Hətta Yuqoslaviya müharibəsi zamanı qeydə alınmış müxtəlif vəhşilikləri, həmçinin Kosovo, Dnestryanı bölgə, Donbass və ya Osetiyada cərəyan etmiş hadisələri nəzərə alsaq belə, İkinci Dünya müharibəsindən sonra Avropada Ermənistan-Azərbaycan münaqişəsi miqyasında faciəvi hadisələr olmayıb. 2020-ci ilin noyabrına qədər davam etmiş təxminən 30 illik dəhşətli mənzərədən indi yalnız xəndəklər, bunkerlər və mina sahələri qalıb...

Doğrudur, bu müddət ərzində ATƏT və BMT işğal altındakı ərazilərin Azərbaycana məxsusluğunu təsdiqləyib. Amma onlar işğalçının bu əraziləri tərk etməsi üçün heç bir real addım atmayıb. Əksinə, bütün bu dövrdə ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi ümumavropa təşkilatları status-kvonun qorunması ilə məşğul olub. Bununla yanaşı, onlar Azərbaycan hökumətinə və ictimaiyyətinə usanmadan bir mesaj göndəriblər: işğalın aradan qaldırılması üçün effekiv tədbirlər görmək mümkün deyil və rəsmi Bakı bu reallığı qəbul etməlidir. Beləliklə, söhbət ərazilərin işğalından gedən zaman Azərbaycan üçün ümumi dəyərlərin ədalətli şəkildə necə tətbiq olunacağını anlamaq çətinləşirdi...  

ATƏT-in mandatı altında aparılmış 26 illik uğursuz danışıqlardan sonra Azərbaycan 2020-ci ildə taleyini öz əlinə alaraq 44 günlük müharibə nəticəsində işğalçıları torpaqlarından qovub. İkinci Qarabağ müharibəsi nəticəsində

3000 azərbaycanlı əsgər və zabit həyatını itirib. Azərbaycan ərazilərini azad edən hərbçilərin əksəriyyəti bu torpaqlardan köçkün düşmüş insanların övladları idi...

Amma... Bakı Avropanın əsas qurumları, hökumətləri və media orqanları tərəfindən müharibə dövründə də kəskin tənqidlərlə üzləşib. İndi də, yəni münaqişənin başa çatmasından təxminən 2 il keçməsinə baxmayaraq, AŞPA, ATƏT və ya Avropa Parlamentində nəinki Azərbaycanın lehinə, hətta balanslaşdırılmış qətnamə belə, qəbul edilmir.

Müharibə başa çatıb. Amma o vaxtdan indiyədək azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində çox sayda insan faciəvi şəkildə həlak olub və olur. İşğaldan azad edilmiş ərazilərə əhalinin köçürülməsi, bölgənin bərpası ilə bağlı layihələrin həyata keçirilməsinə təsadüfi ərazilərdə, hətta qəbristanlıqlarda belə, basdırılmış yüz minlərlə mina çox ciddi maneədir yaradır. Minaların əksəriyyətini işğalçı Ermənistan hərbçiləri bölgəni tərk etmək ərəfəsində basdırıblar.

Bəli, biz ərazilərimizi işğaldan azad etmişik. Amma bu bölgənin insanların yaşaması üçün yararlı ərazilərinə çevrilməsi üçün on milyardlarla dollar dəyərində investisiya və uzun zaman lazımdır.

Ermənistana gəlincə, o, bu əməllərinə görə heç vaxt birbaşa və ya dolayı sanksiyalara məruz qalmayıb. Üstəlik, Azərbaycan dövlətininin əraziləri azad etməsi bir tərəfə, indi onu yenidən qurmasına da ciddi dəstək yoxdur. Bunun səbəbləri haqda spekulyativ fikirlər səsləndirmək istəməzdim. Əlbəttə, azərbaycanlılar çox nikbin insanlardır. Onlar son onilliklərdə bir çox müsibətlərin, iztirabların öhdəsindən qürur və mətanətlə gəliblər. İnanıram ki, biz işğal və müharibə dönəmindən də yeni milli ideya ilə ayrılmışıq. İndi azərbaycanlıların məqsədi azad edilmiş ərazilərin bərpası və regionda dayanıqlı sülhün bərqərar olmasıdır.

Qayıdaq “Avropa dəyərləri” məsələsinə. Qeyd olunduğu kimi, bütün bu işlərdə Avropa bizə yardım göstərməyib. Bu mənada, onların “Azərbaycan Avropa dəyərlərini bölüşməlidir” kimi fikirlərinin bizi qane edə bilməz. Hesab edirik ki, hər birimizin paylaşmalı olduğu ən fundamental dəyərlər yaşamaq haqqı, mülkiyyət və zərərlərdən qorunmaq hüquqlarıdır. İşğalçı qüvvələrin Qarabağda etdiklərinə nəzər saldıqda, azərbaycanlıların bu hüquqlarının kobud şəkildə pozulduğunu görürük. Belə bir vəziyyətdə Avropa və beynəlxalq təşkilatlar uzun illər ərzində evsiz-eşiksiz qalmış, ağır vəziyyətə düşmüş yüz minlərlə azərbaycanlıya heç bir dəstək verməyib. Əvəzində, Avropa bu işdə passiv müşahidəçi olub, yaxasını hər zaman kənara çəkib. Halbuki, beynəlxalq hüquqa və ATƏT-in mandatına əsasən, Azərbaycan ərazilərinin işğalı əslində elə Avropa məsələsi idi.

Bəs bu istiqamətdə hansısa addımlar atıla bilərdimi? İndinin özündə hansı tədbirlər görülməlidir? Əlbəttə ki, hər iki suala bir cavab var: bəli! Avropada daha təhlükəsiz həyatın bərqərar olması üçün bəhs etdiyi dəyərləri real olaraq paylaşılmalı, etimad mühiti yaratmağa çalışmalıdır.

Müəyyən məqamda təbii ki, biz də bəzi faktları qəbul etməliyik. Bu gün bir sıra ölkələrlə bağlı müəyyən ziddiyyətlər var. Bir tərəfdən, Azərbaycan və digər Cənubi Qafqaz ölkələri əksər ümumavropa təşkilatlarının tamhüquqlu üzvləridir. Biz “Geniş Avropa” adlanan məkanın bir parçasıyıq. Digər tərəfdən, Avropaya inteqrasiya prosesinin nüvəsi olan Avropa İttifaqının terminologiyasından istifadə etsək, bu gün biz məqsədi tam aydın olmayan “Şərq Tərəfdaşlığı” proqramının üzvüyük. Bəs “Şərq Tərəfdaşlığı”na qoşulmuş ölkələr Avropa İttifaqına üzv ola bilərmi? Bu, indiki məqamda real görünmür. Hazırda Aİ öz mövqeyini çətinliklə qoruyur. Odur ki, onun Şərqə doğru genişlənməsi hətta nəzəri cəhətdən belə, gündəmdə deyil. Xüsusilə Avropa qitəsinin ən şərqində yerləşən ölkə olan Azərbaycan üçün...

Beləliklə, bizim kimi “tərəfdaş”lar yaxın gələcəkdə də tərəfdaş olaraq qalacaq. Bu reallıqla indidən barışmalıyıq. Bu, o deməkdir ki, hər iki tərəf yanaşmalarını yenidən nəzərdən keçirilməlidir, çünki bu yanaşmalar çox fərqli şəraitdə qəbul edilib.

Bu gün Aİ bölgədəki bütün ölkələri əhatə edəcək, dayanıqlı sülh və regional əməkdaşlıqla bağlı yeni plan hazırlamalıdır. Bu planda təhlükəsizlik, rabitəlilik, enerji, ekologiya, rəqəmsal transformasiya kimi mühüm məsələlər öz əksini tapmalıdır. Üstəlik, Aİ “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrlə daha sıx əlaqələrin qurulması məqsədilə “yol xəritəsi” hazırlamalıdır. Burada proqrama daxil olan ölkələrin birlikdə və ayrı-ayrılıqda böyük, zəngin və güclü Qərb tərəfdaşı olan Aİ-dən necə faydalana biləcəyi açıq-aydın göstərilməlidir.

Amma bəzi müsbət əlamətlər də var. Məsələn, bu yaxınlarda keçirilmiş “Şərq Tərəfdaşlığı” sammiti dialoq platforması təəssüratı yaradıb. Bundan başqa, Avropa İttifaqı bu günlərdə Azərbaycana 2 milyard avro dəyərində maliyyə yardımı ayırdığını açıqlayıb. Lakin bunun həyata keçirilməsi üçün də plana etiyac var. Ümumiyyətlə, Avropada işçi planın hazırlanmasına ehtiyac duyulur. Bu plan bütün tərəflərin maraqlarına əsasən hazırlanmalıdır. Bu zaman ümumi maraqlar nəzərə alınmalı, hər bir tərəf üçün məqbul olacaq ümumi qaydalar müəyyənləşdirilməlidir. Əgər biz buna nail olsaq, ümumi Avropa dəyərləri ilə bağlı real danışıqlar aparmağa çox yaxınlaşarıq, bu isə Avropanın təməl prinsiplərini möhkəmləndirməyə yardım edər. Biz bu təməlin tez bir zamanda dağıla bildiyini də, onların bərpası üçün uzun zamanın ehtiyacın olduğunu da bilirik: Qarabağın kənd və şəhərləri kimi…

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Eureporter

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2023, WorldMedia.az