Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev fevralın 22-də Dağlıq Qarabağla bağlı razılaşmaların gedişini müzakirə edəcəklər. Bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
“Fevralın 22-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin və rəsmi səfərlə Rusiyada olacaq Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev arasında görüş keçiriləcək. Siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı bütün kompleks məsələlərin müzakirəsi planlaşdırır”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il razılaşmalarının gedişi, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlər də nəzərdən keçiriləcək: “Danışıqların yekunu olaraq, qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalanacaq ki, bu da Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çıxaracaq”.
Xatırladaq ki, 2020-ci il sentyabrın sonunda Azərbaycanla Ermənistan arasında uzun illərdən bəri davam edən Dağlıq Qarabağ münaqişəsi yenidən qızışmış, bu, dinc əhali arasında qurbanlarla nəticələnmişdi. O zaman tərəflər atəşkəsə nail olmaq üçün bir neçə uğursuz cəhd göstərmiş, lakin yalnız noyabrın 10-na keçən gecə Moskvanın vasitəçiliyi ilə üçtərəfli razılaşma əldə olunmuşdu. O zaman Azərbaycanla Ermənistan atəşin tam dayandırılması, həmçinin əsir və meyitlərin mübadiləsi haqda razılığa gəlib. Razılaşmaya əsasən, Yerevan Kəlbəcər, Laçın və Ağdam rayonlarını Bakıya qaytarıb, bölgəyə Rusiya sülhməramlıları yerləşdirilib.
(Rus dilindən tərcümə - WorldMedia.Az)