06.10.2022 05:26
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

  Azərbaycan: Avropa İttifaqı üçün etibarlı və sınanmış tərəfdaş
 
21.02.2022
Eureporter, Aİ
 

 
 
UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?

 
 



The National Interest, ABŞ
03.03.2022


Müəllif: Mark Temniçkiy

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ problemini müzakirə etmək üçün ötən il dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüblər. Görüş qurumun “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində baş tutub.

Üçtərəfli görüşdə Əliyev və Paşinyan Azərbaycanla Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpası haqda razılığa gəliblər. Onlar gərginliyin azaldılması məqsədilə sərhədlərin demarkasiyası məsələsində əməkdaşlıq edəcəklərini də bildiriblər.

Daha sonra Azərbaycan və Ermənistan liderləri “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində təkbətək görüş keçirib. Bu, onların 2020-ci ildən bəri ilk təkbətək görüşü idi. Danışıqların konstruktiv keçdiyi görünsə də, tərəflər sülh sazişini hələ də imzalamayıb. Nəticədə onlar arasında münasibətlər gərgin olaraq qalır. Başqa sözlə, Azərbaycan və Ermənistan xalqları üçün hələ də ciddi nəticə yoxdur. 1988-ci ildə başlamış və bu gün də davam edən gərginlik 2020-ci ilin payızında 6 min insanın həyatını itirməsinə səbəb olub...

Ermənistanla Azərbaycan arasında baş vermiş son müharibə zamanı atəşin dayandırılması üçün çox sayda razılıq əldə olunsa da, onlar davamlı pozulurdu. Qərb dövlətləri tərəflərə humanitar yardım göstərir, lakin müharibənin dayandırılmasına nail ola bilmirdilər. Tərəflər arasında 2020-ci ilin noyabrında atəşkəs müqaviləsinin imzalanması Türkiyə və Rusiyanın yardımı ilə mümkün olub. Amma 2021-ci ildə tərəflər arasında yeni toqquşmalar baş verib.

Bir sözlə, Qərb dövlətləri, Türkiyə və Rusiyanın səyləri münaqişənin birdəfəlik həllinə kömək etməyib. Amma bu səylərin boşa getdiyini də demək olmaz...

Avropa İttifaqı müharibədən sonra tərəflərə 17 milyon avro, ABŞ isə on milyonlarla dollar dəyərində humanitar yardım göstərib. Türkiyə münaqişə bölgəsinə müşahidəçilər göndərib, Rusiya isə regiona sülhməramlılar yerləşdirib. Amma bütün bunlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında hələ də zaman-zaman atışmalar baş verir.

Bütün bunları nəzərə alan Bakı ilə Yerevan məsələyə fərqli tərəfdən yanaşmağa başlayıblar. Məsələn, onlar ötən ilin payızında BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində bir-birinə qarşı iddia qaldırıb. Ermənistan azərbaycanlıları “etnik ermənilərə qarşı nifrət və zorakılıqda” günahlandırır, Bakı isə bəyan edib ki, ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Lakin onlar hələ ki, bu məhkəmədə də istəklərinə çatmayıblar. Məhkəmə hər iki işə baxsa da, qərar verilməsinə güman ki, uzun illər lazım olacaq.

Belə bir vəziyyətdə sanki bütün variantların tükəndiyi görünür. Amma hər şey itirilməyib...

UNESCO Qarabağa müstəqil missiya göndərmək təklifi ilə çıxış edib. Təklifə ilk dəstək uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışmış ATƏT-in Minsk qrupundan gəlib. UNESCO bildirir ki, o, Dağlıq Qarabağ və ətrafındakı rayonlarda mədəni irsin vəziyyətini araşdıracaq. Bakı ilə Yerevanın təklifə cavabı özünü çox gözlətməyib. Onlar təklifi qəbul ediblər. İndi qurum bölgəyə missiya göndərmək üçün hazırlıq işləri görür.

Bəs UNESCO bu problemi birdəfəlik həll edə bilərmi? BMT-nin UNESCO-nun səylərinə yardımı nədən ibarət ola bilər?

Məlumdur ki, regiona müşahidəçi və sülhməramlılar göndərən Türkiyə və Rusiyanın istifadə etdiyi “sərt güc” taktikasından fərqli olaraq, UNESCO “yumşaq güc”ə üstünlük verir. Bu təşkilat dünyada sülh və təhlükəsizliyi təhsil, incəsənət, elm və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlıq vasitəsilə təşviq etməyə çalışır. UNESCO bundan qabaq Bosniya və Herseqovina kimi ölkələrdə münaqişələrin həll edilməsində və postmünaqişə dövründə yenidənqurma ilə bağlı uğurlu missiyalar həyata keçirib. Bir vaxtlar Azərbaycan və Ermənistan kimi, Balkan ölkələri də bir sıra çətinliklərlə üzləşmişdi. Yuqoslaviyanın dağıldığı dövrdə müharibə yüzlərlə insanın həyatına son qoymuşdu. O zaman Bosniya münaqişələrin ən çox təsir etdiyi, çox sayda insanın məcburi köçkünə çevrildiyi ölkələrdən idi. Onun üzləşdiri zərər milyardlarla dollar dəyərində idi. Onda ölkənin bərpasına məhz UNESCO yardım göstərib. O, təkcə Sarayevoda 1353 layihə həyata keçirib, nəticədə bərpa və yenidənqurma işlərinə yardım göstərib. UNESCO-nun layihələri biznes sahəsinin, müxtəlif şəhərlərin inkişafına da yardım edib. 20 il sonra Sarayevo artıq təhlükəsizliyin yüksək səviyyədə olduğu dinamik şəhərdir. Doğrudur, şəhər hələ də bərpa mərhələsindədir. Amma orada sakinlər artıq bir-biri ilə inteqrasiya edir və göstərirlər ki, barışıq həssas və uzun proses olsa da, mümkündür.

Beləliklə, UNESCO Qarabağ regionunda da eyni uğura nail ola bilər. BMT-nin isə onun bu işinə müxtəlif vasitələrlə yardım göstərməsi mümkündür. Təşkilat ötən il “Ermənistan üçün İdarələrarası Cavab Planı”nı təqdim edib. Bununla BMT Qarabağ problemindən zərər çəkmiş şəxslərə 62,6 milyon dollar maliyyə yardımı göndərəcək. Yardımın Dağlıq Qarabağdan köçmüş 90 min insana və onları qəbul etmiş icmalara təqdim olunacağı gözlənilir. Başqa sözlə, əgər proqram düzgün icra olunarsa, bu, bir çox erməni və azərbaycanlının həyatını yaxşılaşdıracaq, həmçinin münaqişənin birdəfəlik həllinə yol açacaq.

Azərbaycan və erməni xalqları yorulub. Çünki onların ölkələri illərdir hələ də sonu görünməyən münaqişəyə cəlb olunub. Bu illər ərzində məsələnin həllinə göstərilən beynəlxalq səylər nəticəsiz qalıb. Son təşəbbüs isə, nəhayət, yaxşı nəticələr verə bilər. Bəli, UNESCO-nun fərqli yanaşması, humanitar yardımları ilə Qarabağ problemi birdəfəlik həll oluna bilər.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The National Interest

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2022, WorldMedia.az