Müəllif: Hikmət Hacıyev (Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri)
30 il əvvəl mart ayında Qərb paytaxtları Frensis Fukuyamanın tarixin sonu, həmçinin əbədi sülh və liberalizmin aşkar təntənəsi ilə bağlı tostlar səsləndirərkən, Londonda fəaliyyət göstərən “Times” qəzetində Azərbaycanın Xocalı şəhərində baş vermiş faciənin ilk şahidinin müsahibəsi dərc edilirdi. Sovet İttifaqı dağıldıqdan bir neçə həftə sonra Azərbaycana hücuma keçmiş Ermənistan hərbi birləşmələri başlatdıqları müharibənin miqyasını daha da genişləndirirdi...
“Qarabağda qətliam baş verib. Hər yanda cəsədlər var”, - deyə “Times” nəşri yazırdı. Yazıda qətlə yetirilənlərin əksəriyyətinin mülki şəxslər – yalnız üz hissəsi qalmış balaca qız daxil olmaqla, əsasən qadın və uşaqlar olduğu bildirilirdi.
Qətliam baş verdikdən qısa müddət sonra əməkdaşlarını hadisə yerinə göndərmiş “Reuters” isə xəbər verirdi ki, “qətlə yetirilmiş uşaqların başı kəsilib, əksəriyyəti yanıb”.
Bəli, həmin gün Xocalıda 600-dən çox mülki şəxs qətlə yetirilmiş, 2 mindən çox insan yaralanmış və ya girov götürülmüş, 150 nəfər itkin düşmüşdü. Amma bu boyda faciə hələ də beynəlxalq səviyyədə lazımi qədər tanınmır. Halbuki, Xocalı faciəsi də daxil olmaqla, bu problem 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, Azərbaycanın Qarabağ regionunda 5 min mülki şəxsin qətli ilə nəticələnib.
Xocalı qətliamı Qarabağ regionunda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin, daha geniş və məqsədyönlü planın bir hissəsi idi. Lakin bu hadisəyə beynəlxalq səviyyədə laqeydlik var. Halbuki, baş verənlərin həqiqətən də məqsədyönlü həyata keçirilmiş plan olduğunu Ermənistanın keçmiş hərbi və siyasi liderləri də açıq şəkildə təsdiqləyiblər. Məsələn, Serj Sarqsyan deyib ki, “Xocalı hadisəsindən əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edə bilərlər. Düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu düşüncəyə son qoymalı idik”.
“Ermənilərlə azərbaycanlılar etnik nöqteyi-nəzərdən bir-birinə uyğun gəlmir”. Bunu isə Ermənistanın digər sabiq prezidenti Robert Koçəryan 1990-cı illərdə Birinci Qarabağ müharibəsinin başa çatmasından bir neçə ay sonra Avropa Şurasında ciddi tənqidlərə məruz qalmış çıxışı zamanı bəyan etmişdi.
Amma belə fikirlər diqqətdən kənarda qalmamalıdır. 1994-cü ildə Ruandada tutsilərə qarşı törədilmiş soyqırım və 1995-ci ildə baş vermiş Srebrenitsa qətliamı beynəlxalq səviyyədə tanınır. Bu soyqırım və qətliamın səbəbkarları, onu təşkil etmiş şəxslər beynəlxalq məhkəmələrdə mühakimə olunublar. Daha minlərlə qurban və cinayətkar üçün isə ədalətin başqa bir forması olan barışıq prosesi təşkil olunub, bəziləri günahını etiraf edib, bəziləri bunu qəbul edib, bəziləri isə hətta bağışlanıb.
Amma 1992-ci ildə Xocalıda azərbaycanlıları qətlə yetirmiş hərbi komandirlər məhkəməyə belə, cəlb olunmayıblar. Bu, qətliamla bağlı əmri vermiş siyasətçilərə də aiddir. Qətliamdan sağ çıxmış insanlar üçün nə həqiqət var, nə də ədalət! Bəli, heç nə yoxdur!
Sovet İttifaqının dağılması nəticəsində baş vermiş dəhşətli faciələrlə Ruanda və Bosniyada baş vermiş hadisələr arasında çox az adam əlaqə qurur. Amma bizim üçün, yəni həmin illərin ağrısını bilavasitə hiss edən insanlar üçün bu hadisələr arasında əlaqəni görmək asandır.
Qərb dövlətləri Xocalı qətliamının baş verdiyi dövrdə öz hekayələrini pozmaq istəmirdilər. Bu hekayəyə əsasən, kommunizmin dağılmasının yeganə yan təsiri azadlığın daha artıq olmasında idi. Lakin bu yanaşma da onlara bəraət qazandıra bilməz.
Biz Xocalı qətliamı daxil olmaqla, Sovet İttifaqının dağılmasından sonrakı aylarda baş vermiş hadisələrə bir daha qayıtmalıyıq. Heç nə edilmədikdə, heç kim məsuliyyətə cəlb olunmadıqda tarixin təkrarlanmasından nadir hallarda qaçmaq olur. Bunu dünyaya xatırlatmaq lazımdır.
Ermənistanla Azərbaycan arasında 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı Ermənistan müharibə bölgəsindən minlərlə mil uzaqda yaşayan mülki şəxsləri, cəbhədən uzaqda yerləşən Azərbaycanın şəhərlərini “Skad” və “İsgəndər” ballistik raketləri ilə yenə də qəsdlə, məqsədyönlü şəkildə hədəfə alırdı. Odur ki, 1990-cı ilin əvvəllərində Xocalıda və Azərbaycanın digər ərazilərində törədilmiş cinayətlərin günahkarlarının bu gün cəzasız qalması, hətta bəzi dairələr tərəfindən qəhrəmanlaşdırılması təəccüblü deyil. İndi bunu belə halların qəbuledilməz olduğu Balkan ölkələri ilə müqayisə edin. Haaqa Məhkəməsində bu regiondakı daha geniş münaqişənin günahkarlarının məhkəməsi indiyədək davam edir...
Bütün bunlarla yanaşı, xoşbəxtlikdən, vəziyyətin dəyişəcəyinə ümid yaranıb. Yerevanın 2020-ci ilin payızında baş vermiş müharibədə məğlubiyyətə uğraması Ermənistanın yeni reallığı qəbul etməsinə, Azərbaycanın isə mövqeyini daha da qətiləşdirməsinə imkan verib. Söhbət sülh şəraitində gələcək birgəyaşayışın yollarının axtarılmasından gedir.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin dekabrında təkbətək görüş də keçiriblər. Bakı qarşı tərəfə sülh sazişinin imzalanmasını, münasibətlərin normallaşdırılmasını təklif edir. Danışıqların erkən mərhələsində isə tərəflər arasında dəmir yolu və digər nəqliyyat əlaqələrinin qurulmasına razılıq verilib. Bu yaxınlarda iki azərbaycanlı deputat ilk dəfə Yerevana səfər də ediblər.
Bütün bunlar ümidvericidir. Lakin bir fakt heç bir halda nəzərdən qaçırılmamalıdır: XX əsrdə baş vermiş dəhşətli hadisələrdən sonra yaşanmış Xocalı qətliamı göstərib ki, cəzasızlığa son qoyulması, ədalət axtarışı barışıq və davamlı sülhün şəksiz komponentləridir. Ədalətə nail olunmasına ehtiyac var. Bu iki ölkə bunun yolunu tapmalıdır.
(İngilis dilindən tərcümə - WorldMedia.Az)